Toy mədəniyyətində uşaqların yeri: Onların toya nə kimi ziyanları var? - KULTUROLOQ DANIŞDI

Toy dəvətnamələrində getdikcə daha çox rast gəlinən "uşaqsız mərasim" xahişi son dövrlərin ən aktual müzakirə mövzularından biridir. Maraqlıdır, yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var? Ümumiyyətlə, belə dəvətnamə göndərmək və uşaqları gətirməmək istəyi düzgündürmü? Valideynlər uşaqlarını toya aparmaq istəyirsə, nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı kulturoloq Aydınxan Əbilov SİA-ya açıqlamasında bildirib ki, toy mədəniyyətimiz xalq olaraq kimliyimizin, keçmişimizin və sosial həyatımızın mühüm bir parçasıdır:

“Əsrlər boyu formalaşmış bu ənənə yalnız bir mərasim deyil, həm də insanların bir araya gəlib sevinc bölüşdüyü, əlaqələrini möhkəmləndirdiyi və mədəni dəyərlərimizə sahib çıxıldığı böyük bir hadisədir. Buna baxmayaraq, toyların təşkil olunduğu kreativ sənaye sahəsi hələ də tam inkişaf etməyib və böyük potensiala baxmayaraq, yeniliklərin və ixtisaslaşmış xidmətlərin çatışmazlığı hiss olunur. Halbuki toy biznesi ilə məşğul olan insanların sayı kifayət qədər çoxdur və bu sahənin daha sistemli, daha yüksək keyfiyyətli qurulması ümumi mədəni inkişafımıza da müsbət təsir edə bilər.

Toya gələn qonaqlar arasında yalnız böyüklər deyil, uşaqlar da xüsusi yer tutur. Uşaqlar bəzən dəcəllik edə, yüksək enerjili ola, rəqs edib sərbəst hərəkət edə bilərlər. Hətta bəzən böyüklərin dediklərinə tam əməl etməyə də bilərlər. Ancaq bu, onları toyun bir parçası olmaqdan çıxarmır. Əksinə, toy uşaqlar üçün həm əyləncə məkanı, həm də sosial mühitə uyğunlaşma, davranış qaydalarını öyrənmə və ənənələrimizin yeni nəslə ötürülməsi baxımından çox vacib bir məktəb rolunu oynayır. Uşaqlar toyda iştirak edərək həm ailə bağlarını daha yaxından hiss edir, həm də bu mərasimlərin toplumumuz üçün niyə önəmli olduğunu öz təcrübələri ilə dərk edirlər.

Son zamanlar uşaqların toya gətirilməməsi ilə bağlı müəyyən qadağaların yayılması isə əsasən iqtisadi səbəblərlə əlaqələndirilir. Toyların keçirilməsi getdikcə daha baha başa gəldiyi üçün bəzi ailələr qonaq siyahısını məhdudlaşdırmağa, uşaqların sayını azaltmağa çalışırlar. Lakin bu cür məhdudiyyətlər toyların sosial funksiyasını zəiflədə, gələcək nəsillərin bu ənənədən uzaqlaşmasına səbəb ola bilər.

Bu problemlərin qarşısını almaq üçün toy məkanlarında uşaqlar və ya yaşlı nəslin nümayəndələri üçün ayrıca zalların və ya xüsusi guşələrin yaradılması mühüm addım ola bilər. Uşaq oyun zonaları, animasiya xidməti, təhlükəsiz və nəzarətli əyləncə məkanları həm valideynləri rahatladar, həm də uşaqların toy mühitinə müsbət şəkildə daxil olmasını təmin edər. Eyni zamanda yaşlı qonaqlar üçün daha sakit, rahat şərait yaradılması onların iştirakını daha məntiqli və komfortlu edər.

Unutmaq olmaz ki, əgər uşaq bu gün toyda əylənə bilmir, özünü rahat hiss etmir, sosiallaşmırsa, sabah böyüdüyündə o da bu mərasimləri ciddi qəbul etməyəcək, bəlkə də bu ənənəyə qarşı laqeyd qalacaq. Toy ənənəmizin davamlılığı üçün hər nəslin öz yerini tapması, mərasimin bir parçası olduğunu hiss etməsi vacibdir. Buna görə də toyların təşkilində həm iqtisadi baxımdan ağıllı yanaşma, həm də sosial-mədəni dəyərlərimizi qoruyan balanslı həllər tapılmalıdır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə