"Evdə hazırlanmış qidalar təhlükəsiz hesab olunur" - AYDINLIQ GƏTİRİLDİ

"Ev şəraitində hazırlanan qidalar təhlükəli olmur, çünki evdə lazım olan gigiyena qaydalarına riayət olunur". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Elsəvər Fərzəliyev deyib.

Onun sözlərinə görə, son zamanlar soyuducuların mövcudluğu, bir çox mətbəx ləvazimatlarının demək olar ki, hər bir evdə olması, məhsulların çirklənməsinin və onların zərərli olmasının qarşısını alır: "Nəticədə, evdə hazırlanan yeməklər ümumiyyətlə zərərli sayılmır və onların istehlakı təhlükəsiz hesab edilir. İnsanlar məhsulların təmizliyinə, hazırlanma şəraitinə və saxlanma qaydalarına diqqət yetirdikcə, ev yeməklərinin sağlamlığa mənfi təsir göstərməsi ehtimalı çox azdır.

Lakin ev şəraitində hazırlanan konserv məhsullarından insanlar zərər görə bilər. Bunun səbəbi isə xammalın tərkibində toksiki maddələrin mövcud olmasıdır. Əgər bu maddələr qidada qalarsa və insan həmin qida ilə qidalanarsa, zəhərlənmə halları baş verə bilər. Xüsusilə düzgün sterilizasiya olunmamış konservlər və ya xarab məhsullardan hazırlanmış qidalar ciddi risk yarada bilər.

Əgər evdə hazırlanan yeməklər zərərli olsaydı, bu günə qədər milyonlarla insan zəhərlənib həyatını itirə bilərdi. Ona görə də bu fikir – yəni evdə hazırlanan yeməklərin zərərli olması – düzgün deyil. Əksinə, ev şəraitində hazırlanan yeməklər, gigiyena qaydalarına əməl edildikdə və keyfiyyətli xammaldan istifadə olunduqda, həm sağlam, həm də təhlükəsiz olur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə