"Ermənistanda hakimiyyətdə olan Paşinyan və onun komandası hakimiyyətə gələndən bu yana Rusiyadan, necə deyərlər, “canını qurtarmağa” çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, onlar əvvəlcə Rusiyanın Zvartnots hava limanındakı sərhədçilərini çıxartdılar: "Sonra Rusiyanın sərhədçilərini Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd nəzarət-buraxılış məntəqələrindən çıxartdılar və həmin yerlərə öz əsgər və zabitlərini yerləşdirdilər. Bildiyimiz kimi, artıq 3 ildən çoxdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində iştirak etmir. Paşinyanın siyasi xətti aydındır - qərbyönümlüdür. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar, baxmayaraq ki, müharibədən sonra ilkin bəyanat Moskvada imzalanmışdı, artıq Vaşinqtonda, Ağ Evdə, ABŞ-ın vasitəçiliyi ilə davam etdirilir. Orada bəyanat qəbul olunub. Paşinyanın çıxışlarından da görürük ki, o etiraf edir: “İndiyə qədər bizi istifadə ediblər, erməni xalqı alətə çevrilib.” O artıq real Ermənistan qurmaq və inkişaf etdirmək istəyir. Bu ilin iyun ayında da konstitusiya dəyişikliyi ilə bağlı qrup yaradılması məsələsindən danışdı.
Mən hesab edirəm ki, o bu addımı da atacaq. Çünki Azərbaycan tərəfi tələb edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılsın. Bu iddia konstitusiyanın preambulasındadır və mütləq şəkildə çıxarılmalıdır. Təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddiası var. Məhz bu tələblərə cavab olaraq Ermənistan bir sıra addımlar atıb. Məsələn, keçən il sərhəd göstəricilərindən “Ağrı dağı” təsvirini - yəni Türkiyə ərazisində yerləşən dağın şəklini - rəsmi sənədlərdən çıxartdılar. Yəni, necə deyərlər, bizim tələblərimiz bir-bir yerinə yetirilir. Ermənistan uzun illər boyu Rusiyanın forpostu olub. Rusiya Ermənistana dövlətçiliyini Azərbaycan torpaqları hesabına genişləndirməklə təmin edib. Ermənistan, əslində, Azərbaycanla Türkiyə arasında yerləşən və Rusiya maraqlarını qoruyan bir alət olub. Bu səbəbdən də ölkə inkişaf edə bilməyib.
Sovet dönəmində də Rusiya Qarabağ məsələsini həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsi kimi saxlayıb. Amma indi artıq Rusiya Ermənistandakı 5-ci kolonuna - yəni Rusiya yönümlü siyasətçilərə, o cümlədən Robert Koçaryan, Serj Sarksiyan və digərlərinə - Paşinyana qarşı ciddi mübarizə aparmaq tapşırığı verib.
Onlar bilirlər ki, Paşinyanı mitinqlərlə devirmək mümkün deyil. Buna görə parlament seçkilərinə ciddi hazırlaşırlar. Paşinyan da buna qarşı xalqı hazırlayır və deyir ki, “real Ermənistan” və “real konstitusiya” yaradılmalıdır. Qonşularla xoş münasibətlər qurulmalıdır və bu istiqamətdə addımlar atılır. Lakin Rusiyanın təsirində olan Ermənistan kilsəsi, xüsusilə də II Qaregin başda olmaqla, bu prosesə müqavimət göstərir. Onlar Koçaryan və Sarksiyanın tərəfindədirlər. Paşinyan isə onların əleyhinə ifşaedici materiallar topladığını bəyan edir.
Kilsə qanunlarına görə, katolikos (kilsə rəhbəri) evli ola bilməz. Amma Paşinyanın əlində olan faktlara əsasən, II Qareginin qızı var. Bu da kilsə qanunlarının pozulması deməkdir və Paşinyan bu arqumentdən istifadə edərək onu vəzifəsindən uzaqlaşdırmaq istəyir. Qısası, Ermənistanda həm siyasi, həm dini dairələrdə ciddi mübarizə gedir. Rusiya bütün rıçaqlardan istifadə edir ki, Paşinyanı yıxsın, amma artıq imkanları azalır. Hərbi təcavüz edə bilmir, çünki Ukrayna müharibəsində bütün gücünü oraya yönəldib. Ona görə də hesab edirəm ki, Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışacaqlar, lakin parlament sistemində xalq yenə də Paşinyanı dəstəkləyəcək. Rusiya isə bütün imkanlarını səfərbər etsə də, ciddi nəticə əldə edə bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB