"Hesab edirəm ki, növbəti il Ermənistan referendum keçirərək konstitusiyasını dəyişəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan bilirsiniz ki, hər zaman sülh istəyib. Regionda və dünyada sülhün qorunmasını təmin etməyə çalışıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra da bu cür çağırışlar edir və mövcud durumun qorunmasını istəyir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, əgər Ermənistan dünyada normal bir ölkə, müstəqil dövlət kimi qəbul olunmaq istəyirsə, region ölkələri, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: "Hesab edirəm ki, növbəti il Ermənistan referendum keçirərək konstitusiyasını dəyişəcək, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edəcək və normal bir ölkə olacaq. Bu cür görüşlər bütün bu proseslərə təkan verir. Eyni zamanda Ermənistan müstəqil siyasət yeritməlidir. İndiyə qədər Ermənistan dünyanın aparıcı dövlətlərindən asılı olub, onların maraqlarını müdafiə edib. Bu səbəbdən də Ermənistan tam anlamı ilə müstəqil dövlət olmayıb.

Əgər Azərbaycanla sülh sazişi bağlanarsa, Ermənistan regionda normal bir ölkəyə çevriləcək. Növbəti mərhələdə isə etimad mühitinin daha da dərinləşdirilməsi mümkündür. Bu isə birbaşa Ermənistanın atacağı addımlardan asılı olacaq. Əgər Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, bu onun üçün böyük bir şans olacaq. Əks halda, gələcəyini sual altına almış olacaq. Əgər vaxtında Ermənistan Azərbaycanla müharibə etməsəydi, torpaqlarını işğal etməsəydi, bu gün regionun bir hissəsi olaraq inkişaf edər, beynəlxalq layihələrdən faydalana bilərdi. Amma əfsuslar olsun ki, Ermənistan dünya güclərinin təsiri ilə hərəkət etdi, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmədi, işğalçılıq siyasəti apardı. Nəticədə isə Azərbaycan torpaqları işğal olundu, ancaq Azərbaycan öz müstəqil siyasətini davam etdirdi. Güclü dövlət qurdu, ordusunu gücləndirdi, torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Azərbaycan böyük layihələr həyata keçirdi və bu gün dünyanın əsas ölkələrindən birinə, regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ermənistan da bunu görür və düşünürəm ki, bu reallıqlardan nəticə çıxarmağa çalışır. Əgər fərqli, təxribatçı addımlar atacaqsa, bu, Ermənistan üçün çox ağır nəticələrə səbəb olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə