"Qarşılıqlı səfərlər yumşaq diplomatiyanın təzahürüdür. Belə deyək ki, hər iki tərəfdə 30 illik savaşdan sonra cəmiyyət içində ilk öncə bir-biriləri ilə əlaqə yaranması sadəcə siyasətçilərlə bağlı olmayan bir məsələdir. Çünki siyasətdə hansısa proseslər getsə də, cəmiyyət arasında gedən proseslər tamamilə fərqli olur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, insanların bir-birinə daha da yaxınlaşması, sosial baxımdan daha normal münasibətlər qurması, artıq bir-birinə düşmən deyil, qonşu dövlətlər kimi yanaşması və canlı ünsiyyətə keçməsi çox böyük əhəmiyyət kəsb edir: "Bu ünsiyyət tək siyasətçilər arasında olmamalıdır, çünki bəzən siyasətçilərin dedikləri ilə cəmiyyətin fikirləri üst-üstə düşmür. Burada əsas məsələ artıq bir neçə təbəqənin – ekspertlərin, jurnalistlərin, qeyri-hökumət nümayəndələrinin – bir-biri ilə ünsiyyət qurmasıdır. Bu səviyyədə gedən qarşılıqlı gediş-gəlişlər cəmiyyətə mesaj verir ki, düşmən mövqeyi arxada qalır və biz sülhə addım-addım yaxınlaşırıq.
Bu, sülh müqaviləsinin bağlanması üçün də böyük addımdır. Çünki sülh prosesində imzalanacaq bəndlər cəmiyyət içində suallar doğurur – məsələn, Azərbaycanın erməniləri qəbul edib-etməyəcəyi kimi. Bu sualların cavabı üçün də insanlar arasında ünsiyyət və anlaşma vacibdir.
Qafqaz regionunda üç qonşu ölkə – Azərbaycan, Ermənistan və Gürcüstan – birgə inkişaf üçün əlindən gələni etməlidir. Azərbaycan bu regionda aparıcı ölkə olaraq sülhə və inkişafa böyük resurslar yatırır. Ən önəmlisi isə düşmənçiliyin azalmasıdır. Tarixi unutmaq mümkün olmasa da, insanlar bir-birilərinə düşmən kimi deyil, normal qonşu kimi yanaşmalıdırlar. Sosial, iqtisadi, ticari münasibətlər qurulmalı və bu da regionun sabitliyinə xidmət etməlidir.
Bugünkü gündə də bu istiqamətdə irəliləyişlər var – artıq yalnız dövlət başçıları səviyyəsində deyil, daha geniş təbəqələrdə – forumlar, qarşılıqlı görüşlər şəklində. Tezliklə biz bu əlaqələri iş adamları, biznesmenlər səviyyəsində də görəcəyik. Xüsusilə Zəngəzur dəhlizinin açılması region üçün ciddi üstünlüklər yaradacaq. Ermənistan və Gürcüstan da bu logistik layihələrdən faydalanacaq, bu isə ümumi inkişafa xidmət edəcək. Nə qədər ki, münasibətlər normallaşır, inkişaf da bir o qədər sürətli və dayanıqlı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB