İctimai nəqliyyatda bitməyən əzab

Bakı və Sumqayıtda ictimai nəqliyyat bir xidmət yox, bir sınaqdır. İnsanlar səhər evdən çıxanda işə çatmaq üçün yox, avtobus tapmaq üçün dualar edir. Bir şəhərdə həyatın ritmini müəyyənləşdirən nəqliyyatdır, amma bizdə nəqliyyat insanın ritmini pozan, əsəbini yeyən, vaxtını alan bir mexanizmə çevrilib.

Ən böyük problem çox sadədir və hər gün gözümüzün qarşısında baş verir: avtobuslar dayanacaqda yox, dayanacaqdan 10–20 metr kənarda saxlayır. Nəticədə sərnişinlər bir-birini itələyə-itələyə qaçır, xüsusilə yaşlılar, qadınlar, uşaqlı valideynlər təhlükə altında qalır. Bu hal təkcə Bakıda yox, Sumqayıtda da gündəlik bir kabusa çevrilib.
Nəqliyyat sistemi elə qurulmalıdır ki, dayanacaq — avtobusun məcburi saxlanma nöqtəsi olsun. Amma reallıqda dayanacaq sadəcə bir dekorasiyadır. Sürücülər istədiyi yerdə saxlayır, sərnişin də minmək üçün can çəkişir. Ən pisi isə budur ki, buna nə bir cərimə tətbiq olunur, nə də real nəzarət mexanizmi var. Başqa bir böyük problem isə dəqiqələrlə avtobus gözləyən sərnişinlərdir. İnsanlar 5 dəqiqəlik gözləməni keçirlər, 10 dəqiqə keçir, 15 dəqiqə keçir – avtobuslar gəlmir. Bir 20 dəqiqə gözlədikdən sonra nəhayət avtobus gəlib çıxır.
Bu gecikmələrin səbəbi heç də tıxac deyil. Problem marşrutların düzgün tənzimlənməməsində, avtobusların intervallarının kağız üzərində qalmasındadır. Sürücülər bəzən dayanacaqlarda yersiz gözləyir, “bir-birinə çatmasın” deyə süni fasilələr yaradır. Bunun əzabını isə yenə sərnişin çəkir.
Sumqayıtda vəziyyət bəzən daha ağırdır. Çünki şəhərdə həm marşrut sayı azdır, həm də avtobusların çoxu köhnədir. İnsan axınına uyğun olaraq nəqliyyat artırılmır. Pik saatlarda, xüsusilə səhər tezdən 5, 6, 7 nömrəli marşrutlar demək olar ki, sərnişinlərlə dolub-daşır. İnsanlar avtobusa minmək üçün növbə yox, mübarizə aparır.
Bütün bunlar bir məsələni göstərir: bizdə ictimai nəqliyyatın problemi sərnişində, mentalitetdə, hava şəraitində deyil — sistemdədir. Və bu sistem insanı yormaqdan başqa bir iş görmür.
Sərnişin nə istəyir? Çox sadə:
– avtobus vaxtında gəlsin,
– dayanacaqda dayansın,
– minmək üçün qaçmağa məcbur olmasın,
– təhlükəsiz və rahat yol getsin.
Bunlar lüks deyil, normal şəhər həyatının elementar standartlarıdır. Bakıda da, Sumqayıtda da insanlar elementar bir xidmət üçün hər gün əsəb, narahatlıq və vaxt itkisi yaşayır.
İctimai nəqliyyatın adı xidmət olsa da, realda sərnişin sürücüyə, sürücü sistemə, sistem isə heç kimə cavab vermir. Bu dövrəni dəyişməyin vaxtıdır. Yoxsa hər gün eyni mənzərəni izləməyə davam edəcəyik: dayanacaqdan kənarda saxlayan avtobuslar, əsəbiləşən sərnişinlər və dəqiqələrlə yolun ortasında gözləyən minlərlə insan.
İctimai nəqliyyat rahatlıq yaratmalıdır — bizdə isə insanların səbrini sınayır.

İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə