Erkən nikah – cəmiyyətin “görməzlikdən gəldiyi”, amma hər birimizin həyatına təsir edən ən ağır sosial problemlərdən biridir. Bu məsələ təkcə bir ailənin yox, bütöv bir nəslin gələcəyinin necə formalaşacağına təsir edir. Biz bəzən bunu “adət-ənənə”, “qismət”, “ailə qərarı” kimi yüngül sözlərlə ört-basdır edirik, amma gerçək dəyişmir: erkən nikah uşaqlığın əlindən alınmasıdır.
Cəmiyyətimizdə çoxları düşünür ki, qız uşağı 16–17 yaşında ailə qurursa, bunun “pis heç nəyi yoxdur” – sanki vaxtından əvvəl böyük olmaq məcburiyyəti həyat planının bir hissəsiymiş kimi. Halbuki bu yaşda bir yeniyetmə hələ özünü tanımır, dünyagörüşü formalaşmayıb, emosional sabitlik güclənməyib, həyatın çətinlikləri ilə təkbaşına mübarizə aparmaq üçün yetərli dayaq nöqtəsi yoxdur. Niyə biz öz övladlarımızdan uşaq ikən böyük olmağı tələb edirik?
Erkən nikahlar qızların təhsilini yarımçıq qoyur, onların iqtisadi müstəqillik əldə etməsinə mane olur, psixoloji travmalar yaradır və ən pisi – həyatın üzərində iradə qurmaq imkanını əlindən alır. Bu gün erkən nikaha məcbur edilən qız sabah cəmiyyətin ən köməksiz təbəqəsinə çevrilir. Bəs cəmiyyət kimi biz bunun məsuliyyətini daşımağa hazırıqmı?
Ən acınacaqlısı isə budur: erkən nikahlar çox zaman “sevgi”, “ailə hörməti”, “qonşu nə deyər” kimi bəhanələrlə gizlədilir. Amma həqiqət odur ki, yeniyetmənin həyatını məhv edən bu qərarlar əslində yetkinlərin məsuliyyətsizliyindən qaynaqlanır. Valideyn övladını qorumaq yerinə onu gələcəyin çətinliklərinə itələyirsə, bu, nə adət, nə ənənə, nə də mental dəyər ola bilər. Bu, sadəcə haqsızlıqdır.
Bu məsələnin həlli üçün təkcə qanun yox, həm də ictimai təfəkkür dəyişməlidir. Qız uşaqlarının təhsil alması, iqtisadi gücə sahib olması, öz taleyinin sahibinə çevrilməsi cəmiyyətin inkişafı üçün şərtdir. Erkən nikahla mübarizə təkcə dövlət qurumlarının işi deyil – müəllimdən tutmuş qonşuya qədər hər kəsin üzərinə düşən sosial məsuliyyətdir.
Unutmayaq: bir qız uşağı məktəbdə oturmalı olduğu yaşda gəlinlik paltarı geyinirsə, burada problem təkcə həmin ailənin deyil – bütün cəmiyyətindir.
Övladlarımıza uşaqlıq borcumuzdur: onları böyüməyə məcbur etmədən, böyümələrinə şərait yaratmaq.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB