"Tarixən İsrail həmişə qısa müddətli müharibələr aparıb" - POLİTOLOQ ŞƏRH ETDİ

"Müharibələr həmişə elə bir ssenari ilə başlayır ki, güclü də bəlli olur, zəif də. Amma müharibə, döyüşlər zamanı kimin hansı potensiala və resurs bazasına malik olması bir çox şeyləri həll edir. Məsələn, demək olar ki, İsrailin hərbi potensialı böyükdür, hərbi hava qüvvələri çox güclüdür, 340-dan artıq qırıcı təyyarəsi var. İsrail çalışır ki, bu məsələləri qısa müddətdə həll etsin: birincisi İranın nüvə infrastrukturunu məhv etsin, ikincisi rejim dəyişikliyinə nail olsun, bəlkə də İranın parçalanmasını təmin etsin. Amma bu, onların arzusu və istəyidir. Bu isə o demək deyil ki, o arzular mütləq gerçəkləşəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, tarixdə Hitler də Moskvaya qədər gəlib, Napaleon da – amma hər ikisi uduzub. Yəni İranın strateji resurs bazası kifayət qədər güclüdür. Artıq İsraildən məlumatlar gəlir ki, onların raket potensialı tükənmək üzrədir, hava yanacağına ehtiyac yaranır, bəzi resurslar üzrə çətinliklər yaşanır. Bu proses uzansa, çox güman ki, İsrail başqa ölkələrdən yardım istəməyə başlayacaq. ABŞ yardım edir, amma başqa tərəflərdən də dəstək lazım ola bilər: "Bəzən müharibəyə qətiyyətlə başlayan tərəf sonda öz gücünü düzgün hesablaya bilmədiyi üçün ağır vəziyyətə düşür. Burada da İsrail öz imkanlarını düzgün qiymətləndirməlidir və qarşı tərəfi – İranı – zəif saymamalıdır. İran isə artıq hücuma məruz qalmış tərəfdir və bəzi hallarda gözlənilməz gedişlər edir, xüsusilə raket imkanları ilə bağlı. Biz gördük ki, İsrailin şəhərləri ciddi ziyan gördü. Doğrudur, İsrail də İranın strateji obyektlərini, hava hücumundan müdafiə sistemlərini məhv edir. Amma bu proseslərin nəticəsi, İsrailin bütün məqsədlərinə çatacağı hələ bəlli deyil. Burada əsas məsələ zamanlamadır və resursların düzgün idarə olunmasıdır. Uzunmüddətli müharibə aparmaq İsrail üçün çətin görünür. Tarixən İsrail həmişə qısa müddətli müharibələr aparıb: 6 günlük, 2 həftəlik, 1 aylıq və s.

İranın imkanları daha çox görünə bilər, amma bu o demək deyil ki, İran onlardan səmərəli istifadə edə biləcək. Burada İsrailin vurduğu zərbələrin təsiri də həlledici olacaq. Bizim üçün əsas məsələ – Azərbaycan üçün – ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığıdır. Başqa ölkələr hansı prioritetləri müəyyən edir, bu öz yerində. Amma bizə vacib olan daxili sabitlik, təhlükəsizlik və planlı islahatlarımızı davam etdirməkdir. Bunun üçün resurslarımız, bacarığımız və dəqiq planlarımız var. Biz heç kimdən də kömək istəmirik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə