"Bu gün burada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun 5-ci ildönümünü qeyd etmək münasibətilə bir araya gəldiyimiz üçün böyük fəxr və məmnuniyyət hissi keçirirəm". SİA xəbər verir ki, bu sözləri Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, ilk növbədə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğanın güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri və regionumuzun inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir: "Hər iki ölkə liderinin qarşılıqlı səfərləri dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.
Təsadüfi deyil ki, media sahəsi ilə əlaqədar imzalanmış bu Memorandum beş il ərzində iki qardaş ölkənin media sahəsində əməkdaşlığının inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm bir zəmin yaratmışdır.
Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli medianın fəaliyyətində də canlanma yaratmış, ölkələrimizin media nümayəndələrinin, subyektlərinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan vermişdir.
Ölkələrimiz arasındakı strateji münasibətlərin inkişaf dinamikasına uyğun olaraq istər milli media subyektlərimiz, istərsə də aidiyyəti qurumlar xalqlarımızın mənəvi dəyərlərini təbliğ etmək, dövlət maraqlarımızı müdafiə etmək, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərmək üçün əzmlə çalışmaqdadır.
Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan bu strateji əməkdaşlıq yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənməmiş, eyni zamanda regionda və dünyada səsləndirdiyimiz həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da əvəzolunmaz töhfələr vermişdir
Bu beş il ərzində hər iki ölkənin media subyektləri bir sıra birgə layihələr həyata keçirmiş, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil edilmiş və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilmişdir. Müvafiq istiqamətdə, 2021-ci il 9-20 avqust tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Türkiyənin Anadolu Agentliyi, Türkiyə Polis Akademiyası və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə Ankarada keçirilən “hərbi jurnalistika” təlim proqramı azərbaycanlı jurnalistlərin böyük marağına səbəb olmuşdur.
Bununla yanaşı, media sahəsində peşəkarlığın artırılması məqsədi ilə son 3 il ərzində müxtəlif vaxtlarda təşkil olunan “Mediada gender bərabərliyi və peşəkarlıq”, “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu”, jurnalistlər üçün “COP29 və Dayanıqlı Media Təcrübələri”, o cümlədən “Media Savadlılığı” Həftəsi çərçivəsində könüllülər üzrə məsul şəxslər üçün keçirilən “Media savadlılığı” kimi təlimlərdə, “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” kimi layihələrdə hər iki ölkədən təlimçi qismində mütəxəssislər cəlb olunmuş, media nümayəndələri və mütəxəssislər arasında aparılan təcrübə və fikir mübadiləsi bütün iştirakçılar üçün faydalı olmuşdur.
2021-ci ildən etibarən hər il Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (Stratcom Summit) Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur və media, kommunikasiya kimi müxtəlif mövzular üzrə müzakirələrdə, informasiya mübadiləsində fəal iştirak edir.
Media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2022-ci ildə Azərbaycanın qədim şəhəri Şuşada təşkil edilən Beynəlxalq Media Forumu böyük beynəlxalq media hadisəsinə çevrilmiş və məlum olduğu kimi 2023-cü ildən etibarən daha da genişlənərək ölkə başçısı Prezident cənab İlham Əliyevin şəxsi iştirakı ilə Şuşa Qlobal Media Forumu formatında davamlı şəkildə keçirilməkdədir.
Ölkəmiz üçün olduqca böyük praktiki və rəmzi əhəmiyyət daşıyan və artıq ənənəvi olaraq Milli Mətbuat Günündə baş tutan bu mötəbər tədbirə Türkiyə Respublikasının media subyektlərinin və sahə üzrə müvafiq dövlət qurumlarının, onların rəhbərliyinin təmsil olunduğu geniş nümayəndə heyəti qatılır.
1-ci Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyənin Anadolu Agentliyinin əməkdaşları tərəfindən jurnalistlər üçün böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəkləri çətinliklər və təhdidlərin dəf olunması mövzularında “Hərbi jurnalistika” təlimi keçirilmişdir.
Media nümayəndələri üçün həyata keçirilən müxtəlif layihələrlə yanaşı, dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə 2023-cü ilin oktyabr ayında Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Respublikasının 30 dövlət qurumunun kommunikasiya sahəsinə məsul şəxslərindən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri baş tutmuşdur.
Bütün bunlar göstərir ki, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədi daşıyan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanmasından sonra iki ölkə arasında media sahəsi ilə əlaqəli əməli fəaliyyətlər daha genişmiqyaslı şəkildə davam etdirilmiş və hər iki tərəf müxtəlif yeni təcrübələr əldə etmişdir.
Müasir dövrdə media təkcə informasiya vasitəsi deyil, həm də xalqların bir-birini anlaması, mədəni və tarixi dəyərlərin qorunub saxlanılması və təqdim edilməsi üçün əsas vasitədir. Bu mənada Azərbaycan və Türkiyənin təməli tarixi qohumluq, dil birliyi və mədəni yaxınlıq üzərində qurulan münasibətlərini dünyada nümunəvi və bənzərsiz bir əməkdaşlıq modeli – fenomeni adlandırmaq olar.
Heç şübhəsiz, bu əməkdaşlıq media sahəsində də öz əksini tapır və ölkələrimizin informasiya məkanında bir-birini daha yaxşı anlamasına, dəstəkləməsinə şərait yaradır. İkitərəfli əlaqələrlə yanaşı, TDT, İƏT, BMT və s. beynəlxalq təşkilatlarda, qlobal platformalarda da Azərbaycan Respublikası və Türkiyə Respublikası həmişə bir-birinin mövqeyini və maraqlarını yaxından dəstəkləmişdir.
Bu gün Anlaşma Memorandumun 5 illik yubileyini qeyd edərkən əminəm ki, əməkdaşlığımız gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək. İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da genişləndiriləcək.
Bu əlamətdar hadisə münasibətlə, uğurlu əməkdaşlığımızın təşəkkülündə və inkişafında əməyi keçən hər kəsə təşəkkürümü bildirir və inanıram ki, növbəti illərdə Azərbaycan və Türkiyə media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə