"Hər səfər məndə yeni qürur, yeni duyğular yaradıb" - MÜNASİBƏT BİLDİRİLDİ

""Böyük Qayıdış" proqramının uğurla hayata keçirilməsi ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib.

O bildirib ki, bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi, görülən işlər hər bir vətəndaşda qürur doğurur: "Çünki az bir müddət ərzındə işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm tikinti, təmir, bərpa-quruculuq işləri həyata keçirilib, magistral yollar salınıb, tunellər inşa edilib, həmin ərazilərdə məktəblər, bağçalar, yaşayış binaları istifadəyə verilmişdir. Bu möhtəşəm işlərin görülməsi, əlbəttə ki, ölkənin iqtisadi vəziyyətindən asılıdır. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Əldə olunmuş nəticələr sayəsində son illərdə həmin ərazilərə iyirmi üç milyard manat vəsaitin ayrılması işlərin möhtəşəmliyindən və uğurlarından xəbər verir.

Bu günə kimi həmin ərazilərə artıq 30 mindən çox dinc sakin qayıdıb və onlar öz ata-baba yurdlarında normal firavan həyata qədəm qoyurlar. Bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqları bir gülüstana çevrilməkdədir. Cənab Prezident iftixarla bildirir ki, mən artıq həmin ərazilərə yüz dəfədən çox səfərlər etmişəm: "Hər səfər məndə yeni qürur, yeni duyğular yaradıb". Bu bir reallıqdır. Çünki həmin möhtəşəm işlər ölkə rəhbərinin rəhbərliyi ilə həyata keçirilir. İşlərin gedişi daimi olaraq nəzarətdədir. Elə bir ay olmur ki, ölkə rəhbəri bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfər etməmiş olsun. Orada təməl qoyma mərasimlərində, açılışlarda yeni layihələrin həyata keçirilməsində iştirak edir.

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir. Ötən illərdə həmin ərazilərdə yüz min hektardan çox sahədə dənli, paxlalı bitkilər əkilmiş, heyvandarlığın inkişafı üçün yeni imkanlar yaradılmışdır. Təhlükəsizliyin təmin olunması qarşıda duran əsas vəzifə və statistik malumatlara görə artıq minalardan təmizlənmiş altı yüz min hektardan çox torpaq sahəsi yaxın vaxtlarda əkin dövriyyəsinə daxil ediləcək. Bu gün həmin ərazilərdə həyat coşur, insanlar köç etdikləri ərazilərdə yaşayırlar. Uşaqlar məktəblərə gedir, baxçalar açılıb, yollar səliqə-sahmana salınıb.Əlbəttə ki, bu, qürur vericidir və Azərbaycan xalqı 30 ildən çox bir müddətdə bu günləri həsrətlə gözləyib. Ölkə rəhbərinin siyasəti nəticəsində qardaş dövlətlər həmin ərazilərdə məktəblərin tikilməsində, mədəniyyət ocaqlarının salınmasında, digər infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər. Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikaları, eləcə də qardaş Türkiyə Respublikası Qarabağda və Şərqi Zəngəzurda işlərin sürətlə həll olmasına böyük təkan verirlər. Ölkə xarici dövlətlərlə münasibətlərin yaxşılaşmasına böyük önəm verir. Əlbəttə, bu da Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi. onun nüfuzunun yüksəldilməsi üçün zəmanətdir. Qarabağda, Şərqi Zəngəzurda gedən möhtəşəm işlər deməyə əsas verir ki, region dünyanın ən abad, ən görkəmli guşələrindən birinə çevriləcək".

"Bu gün Şuşa dünyanın diqqət mərkəzindədir. Vaxtında gedən möhtəşəm işlər, Kəlbəcərdə aparılan quruculuq, eləcə də digər regionlarda həyata keçirilən tədbirlər regionun, ölkənin iqsadi, mədəni həyatına çox böyük töhfələr verəcəyinə ümidlə baxmağa imkan yaradır. Əlbəttə ki, bu, Azərbaycan xalqının birliyinin, mütəşəkkilliyinin bir nəticəsidir, uğurudur. Müharibə dövründə olduğu kimi biz quruculuq işlərində də Azərbaycan xalqı öz Prezidentinin ətrafındadır. Həyata keçirilən tədbirlərdə hər bir kəs əlindən gələni əsirgəmir. Bu birlik, bu əmin-amanlıq, bu quruculuq Azərbaycanın qüdrətini daha da artırır. Onu dünyada sayılan-seçilən Respublikalardan birinə çevirir. Əlbəttə, bununla hər birimiz qürurlanırıq və qürurlanmağa dəyər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə