"COP29-la Azərbaycan öz üzərinə çox böyük məsuliyyət götürüb" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29-la Azərbaycan öz üzərinə çox böyük məsuliyyət götürüb. Prezidentin bu hazırlıqlara münasibəti elə bu cür də olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, belə ardıcıl və prinsipial yanaşmaların alternativi yoxdur, əslində axtarılmır da: "Çünki COP29-la Azərbaycan öz üzərinə çox böyük məsuliyyət götürüb. Nə qədər ağır iş olsa da, dünya üçün əhəmiyyətli missiyadır. Ona görə ki, dünya COP29 müstəvisində Azərbaycandan çox ciddi iş və mühüm qərarlar gözləyir. Artıq deyildiyi kimi COP29-un Bakıda keçirilməsi o demək deyil ki, Azərbaycan iqlim dəyişmələri ilə dünyanın bütün mübarizəsinin ağırlığını və nəticələrinin məsuliyyətini öz üzərinə götürüb. Belə deyil. Məsələni bu cür başa düşmək kökündən səhvdir. İqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılması və fəsadlarının yüngülləşdirilməsi bütün dünyanın problemidir. Sadəcə Azərbaycan daha ciddi və əhəmiyyətli qlobal miqyaslı dəyişikliklərə nail olmaq üçün dünya dövlətlərinin hamısına çox əhəmiyyətli müzakirə platforması təqdim etməyi hədəfləyib.

Dövlətlərin, əlaqədar strukturların daha ətraflı müzakirələr aparması üçün platforma yaratmaq missiyasını öz üzərinə götürüb və bu missiyanın yerinə yetirilmə dərəcəsi təkcə Azərbaycandan yox, bütün dünya dövlətlərinin buna nə qədər məsuliyyətlə yanaşmasından asılı olacaq. Azərbaycan da bu hazırlıqları yüksək səviyyədə aparır, ortada çox dəyərli təşəbbüslər var, bunların bir çoxu Prezidentin özü tərəfindən ortaya qoyulub. Azərbaycan Prezidenti də COP29-un hazırlıq proseslərinə bu qədər ardıcıl və prinsipial yanaşmaqla əslində Azərbaycanın dünya üçün önəmli olan bu hadisəyə yüksək töhfələr vermək iradəsinə malik olduğunu bir daha nümayiş etdirir. Həm də Azərbaycan onu göstərir ki, bu gün iqlim dəyişmələrinin nəticələrinə müəyyən qədər səhlənkar, yaxud da, lazımi qədər ciddi münasibət göstərən ölkələr, liderlər olsa da, Azərbaycan bunun nə qədər ciddi məsələ olduğuna önəm verir. Bu missiyanın həyata keçirilməsi üçün özündən asılı olan hər şeyi edəcək".

Onun sözlərinə görə, həqiqətən, Azərbaycan COP29 müzakirələrində çox ciddi və bəşəriyyət üçün kordinal dəyişdirici gücə malik olan qərarların qəbul olunmasını hədəfləyib: "Təbii ki, bu qərarların qəbul olunmasının məsuliyyəti tam şəkildə Azərbaycanın üzərində ola bilməz. Buna bütün dünya dövlətləri dəstək verməlidir. İqlim maliyyəsi üzrə kollektiv fondun yaradılması, eləcə də iqlim dəyişmələri ilə mübarizənin bütün praktik tərəfləri ilə əlaqədar konkret öhdəlikləri, vəzifələri müəyyənləşdirən Bakı sazişinin imzalanması Azərbaycanın çox qiymətli təşəbbüslərindən biridir. Azərbaycan bunları həyata keçirmək üçün bütün dünya dövlətlərindən dəstək gözləyir. Əgər bu dəstək olacaqsa, Azərbaycan bu missiyanı ən yüksək səviyyədə yerinə yetirmiş sayıla bilər. Biz inanırıq ki, Azərbaycan bu missiyanın yerinə yetirilməsi üçün özündən asılı olan hər şeyi edəcək. Eyni zamanda Azərbaycan iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılmasında bütün dünya dövlətlərinin vahid həmrəylik mövqeyindən çıxış etməsini, bir-birinə qarşı inamsızlıq notlarının kənara qoyulmasını, bir-birinə etimad göstərməsinə nail olunmasını ciddi hədəflər kimi müəyyənləşdirib. Çox haqlı olaraq Azərbaycan Prezidenti iqlim dəyişmələri ilə mübarizənin ayrı-ayrı ölkə qrupları arasında mübarizəyə çevrilməsinin yolverilməz olmasını bəyan edib. Artıq yeri yoxdur ki, hansısa ölkələr bir-birini ittiham etsin ki, iqlimin dəyişməsinin daha çox, az məsuliyyətini kim daşıyır. Kimin nə qədər məsuliyyət daşımasından asılı olmayaraq indi o zamandır ki, iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılmasında bütün ayrılıq meyilləri kənara qoyulsun və dövlətlərin səyləri birləşdirilsin. Azərbaycan belə bir mövqedən çıxış edir. Buna görə də hədəflər, məqsədlər bu qədər ciddi, böyük və qlobal olduğuna görə Azərbaycan bu missiyanın yerinə yetirilməsinə bu qədər önəm verir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə