Böyük Qayıdışın təntənəsi

Heydər Əsədov

Milli Məclisin deputatı

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl uğrunda döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin şəhid olub, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu torpağın azadlığı uğrunda canını qurban verən şəhidlərin ruhu indi rahatlıq tapır.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

Cəbrayılın böyük hərbi-strateji və siyasi-iqtisadi əhəmiyyəti vardır, İkinci Qarabağ müharibəsi dövründə işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk olundu. O vaxta qədər artıq müharibə bir həftə idi ki, davam edirdi və 20-yə yaxın kənd, o cümlədən Cəbrayıl rayonunun kəndləri azad edilmişdir. Postmüharibə dövründə bu rayon ərazisində mina və partlamamış sursatlardan təmizlənmə, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir.

Məhz bayram günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak ediblər və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim edilib. Dövlət başçısı mərasimdə çıxışı zamanı bildirib ki, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur: “Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir”.

Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

27 illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin Ermənistanın işğalından azad olunması ilə Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. 44 günlük müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi şanlı ordumuzun şücaətinin nəticəsidir. Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabit Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı tərəfindən Cəbrayılın inkişafı ilə bağlı bütün müvafiq tapşırıqlar verilmişdir. Burada tikilən gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövlətinin əlindən gələni əsirgəmədiyini sübut edir.

Prezident İlham Əliyev, həmçinin çıxışında bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır: “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Dünən mən tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam. Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”.

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında işlər mərhələli şəkildə davam etdirilir. Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Burada çalışacaq işçilərin rahatlığının təmin edilməsi üçün parkın ərazisində mobilizasiya şəhərciyi salınıb. Bu sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Həmin strategiyanın icrasını təmin etmək üçün Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına əsasən, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin salınması planlaşdırılıb. Həmin müddətdə bu rayonlara ümumilikdə 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna çoxsaylı səfərlər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. Burada böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Azərbaycanın siyasi çəkisi, iqtisadi qüdrəti, hərbi gücü ildən-ilə ancaq artacaq. İkinci Qarabağ müharibəsi dövründə biz bütün dünyaya hərbi cəhətdən nəyə qadir olduğumuzu nümayiş etdirdik. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib. Dövlət başçısının rəhbərliyi ilə əldə olunan uğurlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq reallaşıb. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə