Ali Baş Komandan deyir və edir: "Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar"
Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə "Dəmir Yumruq" siyasətnə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəmi 44 gündə son qoydu. Belə bir deyim var: dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Məhz bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bu günün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur.
Bəli, bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının son 21 illik prezidentlik dövründə çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən xalqın Prezidentin dediyi kimi: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz". Çünki bu qələbə, uğurlu nəticələr məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Güclü ordu - güclü dövlət" strategiyasının konsepsiyanın nəticəsidir və bu üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Bir sözlə, ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev sözü imzası qədər dəyərli olan qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
Yenə də növbəti Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi
Və bu gün növbəti hədəf Azərbaycan diyarı olan Qərbi Azərbaycan torpaqlarının qaytarılmasıdır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas hədəflərini açıqlaması, qarşıda duran vəzifələri dəqiqliklə ifadə etməsi təşkilatın fəaliyyətinin səmərəliliyinin təmini baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Və vurğulamışdır ki, bu gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız Qərbi Azərbaycana qayıdacaqlar.
Bəli, dövlət başçımız deyir və edir: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik".
Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması, məhz dövlət başçımızın nəyi, necə, nə vaxt etməsinin göstəricisidir.
Dövlət başçımız onu da vurğulamışdır ki, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına sülhlə qayıdacaq: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".
Göründüyü kimi ….
Haqdan qaçmaq olmaz…
Əsl həqiqət heç vaxt itmir, gec-tez aşkara çıxır. Qərbi Azərbaycanın bizim torpağımız olmasını bir çox tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da tarixi irsimizi silmək məqsədilə bütün dini və mədəni abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Ötən əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz tarixi mənbələrə istinadla sübut edirik ki, indiki Ermənistan ərazisində əsrlər boyu Azərbaycan xalqı yaşayıb. Azərbaycanlılar öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün tarix boyu böyük fədakarlıqlar göstəriblər. Lakin buna baxmayaraq, müxtəlif dövrlərdə xalqımız öz doğma torpaqlarından məhrum edilib, zorla qovulub və didərgin salınıb.
Bu günlərdə Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdilər. Cənab İlham Əliyevin açılış mərasimindəki çıxışında da qeyd etdiyi kimi, bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: "Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."
Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı.
Prezident İlham Əliyev Aşıq Ələsgərin keçdiyi ömür yolundan, yaradıcılığından geniş bəhs edərək bildirdi ki, ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi. Dövlətimizin başçısı ermənilərin havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirməsindən bəhs etdi və vurğuladı ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir: "İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar".
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir.
Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: "Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir."
Bəli, Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Və nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşsək də bu bizim iradəmizə təsir edə bilməz! Çünki işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır, Böyük Qayıdış Proqramı uğurla icra edilir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Zəfərlərimizin başlanğıc nöqtəsi oldu. Və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr Anım Günü, qarabağın tacı Şuşanı nazad edildiyi tarix-8 noyabr Zəfər Günü kimi təsis edildi. Bu günlərdə, dövlət başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixili Sərəncamı ilə 20 sentyabar tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.
Beləliklə də, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Qərbi Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas hədəfələr sırasındadır. Bəli, yolumuz Qərbi Azərbaycanadır. Nəyi, necə və nə vaxt etmək lazım olduğunu bilən və tarixi ədaləti bərpa edən Ali Baş Komandan, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə bu istəyə də nail olacaq. Çünki Prezident, Ali Baş Komandan İlham Əliyev Cənabları deyir və edir: "Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə