“Azərbaycan bu gün suverenliyini qorumağı bacaran ölkədir” - ŞƏRH OLUNDU

“27 sentyabr 2020-ci il ən yeni tariximizin başlanğıcıdır. Həmin gündən başlayaraq Azərbaycan öz üzərində erməni millətçiləri və onları dəstəkləyən qüvvələr tərəfindən qoyulmuş ağır yükü çiynindən ata bildi. Azərbaycan öz gücünə 30 il işğal altında qalan torpaqlarını işğaldan azad etdi, Azərbaycan bayrağı Azərbaycan-Ermənistan sərhəddinə sancıldı. 27 sentyabr şəhid olan igidlərimizin anım günüdür. Belə ki, üç mindən çox layiqli gəncimiz Vətən üçün canlarından keçdilər, onların əziz xatirəsi hər zaman qəlbimizdədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, şəhid ailələri hər zaman cəmiyyətin ən hörmətli, diqqətedilən və qarşısında baş əydiyimiz insanlarıdır: “Eyni zamanda 27 sentyabr bizim qürur, şərəf, namus günümüzdür. Bu tarix Azərbaycançılığın tərəqqisinin, dünyaya gücümüzü göstərdiyimiz gündür. Hər ilin 27 sentyabrına biz şəhidlərin ruhu qarşısında hesabat verərək gəlirik.

Azərbaycan əsgərinin rəşadəti işğaldan azad olunan rayonlarla yanaşı, üç böyük rayonun bir güllə belə atılmadan azad edilməsinə gətirib çıxardı. Baxmayaraq ki, ərazimizin bir hissəsi müvəqqəti olaraq Ermənistanın dəstəklədiyi separatçı qüvvələrə qalmışdı. Lakin Vətən müharibəsindən üç il keçdikdən sonra bir gün davam edən antiterror tədbirləri zamanı separatçıların Azərbaycan ərazisindəki təxribatçı addımlarına son qoyuldu.

Bu gün dövlətimiz suverendir. Azərbaycan bu gün öz hüququnu təsbit edən, suverenliyini qorumağı bacaran ölkədir. Əsgərlərimiz öz rəşadətini göstərdi. Biz əsgərimizin rəşadətinə, liderimizin rəhbərlik bacarığına, cəmiyyətdəki milli birlik hesabına qalib olduq. Azərbaycan güclü dövlət olaraq güclü ordu yaratdı, xalq-dövlət birliyi isə öz sarsılmazlığını göstərdi. 27 sentyabr tarixində biz hər il torpağımızın özgələrin əlinə keçməyəcəyinə and içirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə