Şuşada Bayraq Meydanının açılışı olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.

SİA xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına Bayraq Meydanında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.

Qeyd edək ki, Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə