“Paşinyan sülh məsələsində sələfləri ilə eyni düşüncədədir” - ŞƏRH EDİLDİ

“Ermənistanın sülh yoxsa müharibə istəməsi ilə bağlı suala Ermənistan daxilində də tam olaraq cavab tapılmayıb. Hazırda həm Ermənistan hakimiyyətinin daxilində, həm hakimiyyətdəki siyasi partiya daxilində, həm də müxalifətdə fərqli-fərqli maskalar altında fəaliyyət göstərən revanşist qüvvələr var. Buna görə də hazırda Ermənistanda müharibə istəyən, sülh istəyən də var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

O bildirib ki, Nikol Paşinyan hələ də açıq şəkildə danışmır: “Bəzən sülh barəsində danışır, bəzən isə sülhlə heç bir əlaqəsi olmayan məsələlər barəsində danışır: “Hətta zaman-zaman Azərbaycana qarşı sərt ittihamlar da səsləndirir. Paşinyanın əməllərində isə daha çox Cənubi Qafqazda geosiyasi ön plana çəkmək yer tutur. Belə ki, bu gün Azərbaycanla Ermənistan arasında əsas məsələ sülhlə bağlı olduğu halda, o Avropa İttifaqı ölkələrinin missiyasını dəvət edir, Amerika ilə hərbi təlimlər keçir, Fransa və Hindistan vasitəsilə silahlanmağa çalışır.

Zəngəzur koridoru məsələsində də Ermənistan rəhbərliyi Azərbaycana qarşı sərt rəylər səsləndirilməsinə təşviq edir. Bütün bunlara baxdıqda açıq görmək olur ki, Paşinyan özü də birmənalı olaraq sülhə tərəfdar şəxs deyil. Ancaq digər tərəfdə də bölgənin reallığı var. Bölgə reallığına görə, Azərbaycanla Ermənistan arasında iqtisadi, siyasi, hərbi sahədəki güc birmənalı şəkildə taraz deyil. Azərbaycan bütün sadalanan məsələlərdə Ermənistanı dəfələrlə üstələyir. Yəni, Nikol Paşinyanın sülh məsələsində sələfləri kimi eyni düşüncədə olduğu görünür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə