Azərbaycan-Pakistan: Tarixi dostluq və strateji tərəfdaşlıq ŞƏRH

"Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır".Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq".

Prezident İlham Əliyev mətbuata bəyanatında onu da vurğuladı ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq. Onu da qeyd edək ki, ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir. Reallıq budur ki, son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Belə ki,

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki Sammitində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə oldu. Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda da inkişaf etdirilməsidir. Bu baxımdan bu günlərdə Astanada keçirilən "ŞƏT plyus" formatında Zirvə görüşü çərçivəsində dövlət Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş keçirməsi çox önəmlidir. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, "Üç qardaş" şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.

Bir sözlə, Azərbaycan-Pakistan münasibətlərinin uğurlu inkişafı dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olmaqla bu əlaqələr möhkəm dostluğa və qardaşlığa əsaslanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd edim ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildən qurulub. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabada dövlət səfəri zamanı Pakistan Prezidenti Asif Əli Zərdari, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirdiyi görüşlər bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanıb. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

Səfər zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını xüsusilə vurğulayıb. Azərbaycan-Pakistan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Ölkə başçısı bəyanatında qeyd etdi ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların həyata keçirilməsi artıq müzakirə olunub.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu səfərin önəmini "Səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir" fikirləri ilə ifadə edib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. Məhəmməd Şahbaz Şərif bu dostluğun sözdə deyil, əməldə öz təsdiqini tapdığını, sarsılmazlığını "Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq" çağırışı ilə də diqqətə çatdırdı.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Pakistan dost ölkə keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.

Həmçinin, Heydər Əliyev Fondunun da bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib, çox imkansız insana qurbanlıq paylanılıb.

Göründüyü kimi, hər iki dövlət arasında belə bir münasibətlərin olmasınının əsas səbəbi birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulmasından irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi xarakterizə edərkən bildirmişdir: "Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır".

Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O bildirib: "Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Və Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə