"Azərbaycanın atdığı addımlar nümunəyə çevriləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik” fəlsəfəsi, bəşəriyyəti dünyanın gələcəyi naminə, bütün ziddiyyətləri və fikir ayrılıqlarını bir kənara qoyaraq, birləşməyə, birgə fəaliyyət göztərməyə səsləyən tarixi çağırışdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsinin də ana xəttini məhz bu fəlsəfə təşkil edir: "Azərbaycanın COP29-a, bütövlükdə isə iqlim dəyişiklikləri ilə mübarizəyə baxış bucağı, məqsədi bundan öncə sözügedən mötəbər tədbirə ev sahibliyi edən ölkələrin yanaşmasından bir sıra məqamlarına görə fərqlənir və daha qabarıq, daha fundamentaldır. Qlobal əhəmiyyət daşıyan bu mühüm və tarixi tədbirə ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Ölkəmiz istər COP29 zamanı, istərsə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına sədrliyinin davam edəcəyi dövrdə elə bir müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər. Əslində, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təməlində də, məhz bu fəlsəfi baxış bucağı dayanır".

Onun sözlərinə görə, Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir və bununla da həm ölkənin, həm də dünyanın gələcəyinə humanist münasibətini ortaya qoyur: "Bu baxımdan, ölkəmiz nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün də cəlbedicidir. Hədəf yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən, prosesə liderlik edənlərdən biri olmaqdır. Bütün digər istiqamətlərdə qlobal məsuliyyətini yüksək şəkildə dərk edən və bunu əməldə sərgiləyən ölkəmiz bu prosesə də öhdəlik kimi yanaşır və davamlılığın təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Şübhə etmirəm ki, Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımlar ənənəvi enerji istehsalıçıları və istehlakçıları üçün nümunəyə çevriləcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə