Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən Müstəqillik Gününə həsr olunmuş tədbir - FOTOLAR

Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən Müstəqillik Gününə həsr olunmuş tədbir - FOTOLAR

27 may tarixində Azərbaycan Respublikasının İsrail dövlətində Səfirliyi tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olunmuşdur. SİA xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində keçirilən tədbirdə İsraildəki Azərbaycan diaspor nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfiri Muxtar Məmmədov tədbiri giriş sözləri ilə açaraq, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində həmin dövr üçün misilsiz hesab edilən nailiyyətlər və ölkəmizdə mövcud olan multikultural mühit haqqında danışıb, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda bu günə kimi ölkə rəhbərliyi tərəfindən görülən işlər, ölkənin hər bir nöqtəsində Azərbaycan bayrağının dalğalanması üçün canını fəda etmiş şəhidlər və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrdə həyata keçirilən uzaqgörən siyasət haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə İsraildə fəaliyyət göstərən “Sevgi” musiqi ansamblı və Qüds Lirik Operasının solisti Kameliya Yoffenin ifasında Azərbaycan klassik əsərləri və xalq mahnılarından ibarət konsert proqramı təşkil olunub, Azərbaycan Dövlət Televiziyası və Bakı Media Mərkəzinin istehsalı olan Azərbaycana həsr olunmuş video çarxlar qonaqlara nümayiş olunub.

Tədbir iştirakçıları üçün həmçinin xüsusi yarışma təşkil olunmuş və Azərbaycan Hava Yolları QSC-nin dəstəyi ilə qaliblərə 2 ədəd Təl-Əviv – Bakı istiqamətində uçuş bileti hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə