“Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi simvolik və siyasi məna daşıyır” - DEPUTAT DANIŞDI

“Şuşa şəhərinin 2024-cü ilin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi çox mühüm bir məsələdir. Qarabağ və onun göz bəbəyi Şuşa işğaldan azad olunduqdan sonra ard-arda Şuşanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi həm simvolik, həm də böyük bir siyasi məna daşıyır. Əvvəla İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu bir təşkilat tərəfindən Şuşanın gənclər paytaxtı seçilməsinin özü Azərbaycanın siyasi müstəvidə möhkəmlənən, haqlı mövqeyinin bir daha təsdiqinə çevrilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın Qarabağın şərtsiz sahibi olduğu bir daha bəyan edilir: “Dövlət başçısı tərəfindən imzalanan tədbirlər planı çərçivəsində dünya gənclərinin Şuşaya diqqətinin yönəlməsi, Azərbaycan həqiqətlərinin bir daha dünyaya məhz gənclər vasitəsilə çatdırılması da çox böyük rol oynayır. Eyni zamanda bu tədbirin keçirilməsi simvolik məna daşıyır. Şuşa, Qarabağımız işğaldan sonra yenidən qurulur, öz qədimliyi ilə bərabər gəncləşir, yeni bir sima alır. Əlbəttə bu yenilənmədə gələcəyimiz olan gənclərin rolu böyük olacaq.

Şuşanın 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” elan edilməsi həm Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin daha da güclənməsi və dünya gənclərinin diqqətinin Azərbaycana yönəlməsi baxımdan olduqca mühümdür. Azərbaycanın apardığı mübarizə, 44 günlük savaş və əldə etdiyimiz qələbə haqqında dünya gənclərinin daha ətraflı məlumat ala bilməsində də bu tədbir böyük rol oynayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə