“Gənclərin irəli çəkilməsi Ulu Öndərin kadr siyasətinə əsaslanır“ - ŞƏRH EDİLDİ

“Gənc kadrlara etimad göstərilməsi, onların irəli çəkilməsi Ulu Öndər Heydər Əliyevin kadr siyasətinə əsaslanır və həmin ənənələr bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilir. Ulu Öndər öz sağlığında gənclərə, gənc kadrlara çox böyük qayğı və diqqətlə yanaşırdı. Onların xarici ölkələrə, Rusiyanın müxtəlif institutlarına göndərilməsi və təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq, müvafiq sahələrə irəli çəkilməsi də bunun nümunəsidir. Sözsüz ki, kadrlar irəli çəkilərkən onların iş bacarığı, savadı, dövlətçiliyə sədaqəti diqqət mərkəzində olur. Gənc kadrların məsuliyyət hissinin artırılması sahəsində mühüm tədbirlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, bu gün bu siyasətin uğurla davam etdirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır: “Sözsüz ki, işinin öhdəsindən gəlməyən, verilən tapşırığı yerinə yetirməyən, etimadı doğrultmayan gənc kadrlar sıradan çıxmalıdır və belə də olur.

Bu gün Azərbaycanın iqtisadiyyatında irəli çəkilən gənc kadrların əməyi çox böyükdür. Lakin bu o demək deyil ki, yaşlı kadrlar da bu nailiyyətlərdən kənarda qalıblar. Ölkəmizin rəhbəri bir çox çıxışlarında tövsiyyə edir ki, mütləq yaşlı kadrların təcrübəsini öyrənmək, onlara istinad etmək, nümunələri qiymətləndirmək vacibdir. Təbii ki, yeniliklər yeni istək və arzular tələb edir.

Ölkə rəhbəri irəli çəkilən kadrları qəbul edərkən, onlara ilk tapşırığı xalqa nümunəvi xidmət etmək, onların yanında olmaq tövsiyyəsi olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə