"Azərbaycan Almaniyanın ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır" - MÖVQE BİLDİRİLDİ

“Dövlətimizin xarici siyasətində Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulması önəmli yer tutur. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Artıq 32 ildir ki, diplomatik münasibətlərin qurulduğu Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat sözlərinə belə davam edib: “Ümumiyyətlə iqtisadiyyat sahəsində, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb.

Azərbaycanda qeydiyyatdan keçmiş Alman şirkətlərinin sayı yüzlərlədi. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Artıq bu sahədə bir neçə böyük layihə həyata keçirilib və davam etməkdə olan layihələr var. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”. Lakin təəsüf hissi ilə qeyd etmək lazımdı ki, 30 ildən artıq işğal altında olan torpaqlarımızı möhtəşəm zəfərlə azad etməyimiz Qafqazdan əllərini çəkmək istəməyən bəzi imperialist dairələri və ölkələri ciddi narahat edir. Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmuşdur.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan Nümayəndə heyyətinə qarşı sərgilənən qərəzli davranış, Fransa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi digər qətnamələr ermənipərəst dairələrin və bir çox məkrli qüvvələrin sifarişidir. Azərbaycan tarixən multikultural dəyərlərə sahib‚ tolerant bir ölkədir və Azərbaycanda bu günə qədər heçbir zaman anti-semitizm halı‚ qeyri millətlərə‚ etnik xalqlara və digər dinlərə qarşı ayrı-seçkilik halı olmayıb.

Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də bu məsələyə toxunulmuşdur. Ölkə Prezidenti görüşdə demişdir: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”.

Təbii ki bu kimi təşəbbüslər ölkələrimiz arasında olan yüksək mədəni-humanitar, siyasi-iqtisadi, diplomatik münasibətlərə təsirsiz ötüşmür. Azərbaycan bütün dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq təklif edir. Əminəm ki Almaniya ilə Azərbaycan arasındakı dərin tarixi dostluq hər iki ölkənin xalqlarının rifahı, sülh və əminamanlıq üçün əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə