"Bunu bizim diplomatik qələbəmiz hesab edirəm" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı gözləntilərim ondan ibarətdir ki, ümumiyyətlə, Azərbaycan diplomatik danışıqlara postmünaqişə dövründən münasibətlərin normallaşmasına yönəlmiş dialoqun tərəfdarıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, biz əvvəlcədən sülh istəmişik, danışıqlara sadiq olmuşuq, indiki dövrdə də danışıqlarla bütün problemlərin həll edilməsini istəyirik. Burada əsas məsələ Ermənistanın diplomatik üsulla münasibətləri tənzimlənməsini istəyib-istəməməsi və bu işdə nə qədər səmimi olmasıdır. Təəssüflər olsun ki, biz Ermənistanın son zamanlar hərəkətləri ilə verdiyi bəyanatlar arasında uyğunsuzluğun olduğunu görürük. Bu uyğunsuzluq bəzən çox kəskin hal alır. Xüsusilə, son zamanlar Azərbaycana qarşı artan təxribat xarakterli hərəkətlər Ermənistanın silahlandırılması, Fransanın Yunanıstan və Hindistan kimi faktorların Ermənistanı silahlandırması və digər regionlarda baş verən hadisələr danışıqlara, nazirlərin dialoquna kölgə salır.
Biz çox istəyərdik ki, Ermənistanın əməlləri, addımları ilə verdiyi söz arasında uyğunluq olsun. O ki qaldı Berlindəki görüş, hesab edirəm ki, bu, çox önəmlidir. Xüsusilə, Berlin platformasının seçilməsi, Münxen Təhlükəsizlik Konfransından sonra da çox önəmli xarakter daşıyır. Bu, eyni zamanda da Fransanın kənarda qalması və yersiz danışıqlarda müdaxiləsinin qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Bunu bizim böyük diplomatik qələbəmiz hesab edirəm. Bir daha münasibətlərin Ermənistanla vasitəçilərin iştirakı olmadan aparılması da önəmlidir ki, Azərbaycanın onsuz da əvvəldən təşəbbüsü Ermənistanla dialoq aparmaq, münasibətləri qurmaq təklifi idi. Biz sülh sazişinin layihəsini beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə birinci tərtib edib Ermənistana təqdim etmişdik. Bütün bunlar bizim səmimi niyyətimizi göstərir. Ancaq top Ermənistanın tərəfində, onun meydançasındadır. Bu sonuncu baş tutacaq görüşdən sonra da Ermənistanın atacağı addımlardan irəli gələrək hansısa bir fikir yürütmək mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB