"Xocalı soyqırımı bütün dünya ictimaiyyətinin qan yaddaşı olmalıdır" - RƏY

"Xocalı soyqırımı bütün dünya ictimaiyyətinin qan yaddaşı olmalıdır" - RƏY

"Xocalı soyqırımı XX əsrin insanlıq faciəsi olmaqla erməni faşizminin iç üzünü açan və ifşa edən bəşəri cinayətdir. Ötən illər “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər bu faciə barədə dünya ictimaiyyətinə geniş və əhatəli informasiyalar verilsə də bütün bunlar yetərli deyil. Yer üzündə bir daha belə bir cinayətin baş verməməsi üçün dünya ictimaiyyəti olduqca fəal şəkildə “Xocalıya ədalət!” deməlidir. Buna nail olmaq üçün hələ çox işlər görmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında "Qloballaşma və Milli Həmrəylik" İB-nin sədri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə milli qürurumuzu bərpa edib: "Dövlət başçısı İlham Əliyev Xocalıda üç rəngli bayrağımızı yüksəltməklə bir daha işğalçı Ermənistana xəbərdarlıq etdi ki, Azərbaycan və Türkiyəyə qarşı əsasız iddialardan birdəfəlik əl çəksin. Prezidenti İlham Əliyevin fevralın 26-da Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi ümumilikdə Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir".

"Xocalıda törədilən bəşəri cinayət bütün dünya üçün qan yaddaşı olmalıdır. Xocalı ümumilikdə soyqırımı abidəsidir. Orada aşkarlanan kütləvi məzarlıqların tədqiq olunması çox qaranlıq mətləblərə, eləcə də itkinlərin bəzilərinin acı taleyinə aydınlıq gətiriləcəkdir. Əminəm ki, həmin məkanlar əbədiyyətə qədər ziyarətgahımız olacaq. Xocalı şəhərində ucaldılacaq abidə soyqırımı qurbanlarının xatirəsinə ən böyük ehtiramdır”,-deyə o fikirlərini tamamlayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirlən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının qarşıda duran vəzifələrindən bəhs edən Həsən Qarayev deyib ki, bu soyqırımı aktı törədiləndən bəri ilk dəfədir ki, Xocalı faciəsinin qurbanları şəhid şəhərin azadlığa qovuşması ilə anılır. Xocalı soyqırımını törədən canilərin ədalət məhkəməsində cəzalanadırılması və qatillərin amansız cinayətləri barədə dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırmaq vicdan borcumuzdur.

Xatırladaq ki, Xocalı soyqırımı zamanı fundamental insan hüquqları, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanmışdır. Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülmüş, diri-diri yandırılmış, başının dərisi soyulmuş, digər dəhşətli işgəncələrə məruz qalmışdır. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə