"Bu çıxış gələcəyə yönəlmiş strateji baxışlardır" - POLİTOLOQ BİLDİRDİ
“Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı ilk olaraq 20 illik fəaliyyətə qiymət verdi. Xüsusilə də 2018-ci ildən sonra həyata keçirilən tədbirlər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması haqqında danışdı. Bundan sonrakı məqamlar haqqında danışan zaman bir neçə məqama diqqət yetirdi. Bunlardan birincisi Azərbaycanda təhlükəsizlik məsələlərinin həlli, yəni ordunun gücləndirilməsi istiqaməti idi ki, bu ən vacib istiqamət sayılır. Bunun tərkibində Prezident iki təhdid istiqamətini qeyd etdi. Bunlardan birincisi fiziki, ikincisi isə ideoloji təhdidlər idi. Bu çox vacib məqamdır. Çünki Azərbaycan müstəqillik qazanandan bir çox ölkələrdən, o cümlədən müxtəlif istiqamətlərdən ölkəyə mentalitetimizə uyğun olmayan cərəyanlar daxil olub. Burada həmin cərəyanların cəmiyyətimizi parçalamaq üçün müəyyən qədər fəaliyyət göstərməyə çalışması nəzərdə tutulur. Qeyd olundu ki, bu məsələlərə qarşı həssaslıq əsas prioritetlərdən biridir.Gənc nəslin yetişdirilməsində milli, əxlaqi, mənəvi dəyərlərə önəm verildiyi vurğulandı”. Bu barədə SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Prezident təhlükəsizlikdən başqa Azərbaycanın iqtisadi inkişafı, gələcək iqtisadi modellərlə bağlı fikirlər, xüsusilə də yeni texnologiyaların mənimsənilməsi və onlarla işləyə biləcək kadrların sayının artırılmasını dövlətin əsas prioritetlərindən biri kimi qeyd etdi: “O cümlədən xarici siyasət istiqaməti ilə bağlı fikirlər səsləndirdi və gələcək dünya düzənində Azərbaycanın harada olacağı ilə bağlı açıq mesajlar verdi. Bildirildi ki, Azərbaycanın yeri, ailəsi türk dünyasıdır. Biz öz yerimizi burada görürük fikri o deməkdir ki, Azərbaycan türk dünyasının gələcəkdə dünya miqyasında güc mərkəzinə çevrilməsində maraqlıdır. Təbii ki, bizim üz olduğumuz digər təşkilatlarla da münasibətlərin inkişaf etdirilməsi də prioritet olaraq qalır, amma gələcək dünya düzənində yerimiz tam dəqiqliyi ilə təsbit edildi”.
O.Qasımov bildirib ki, bundan başqa Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlər toxunuldu: “Orada artıq bu məsələ ilə bağlı Azərbaycanın hansısa strateji məqsədinin qalmadığı qeyd olundu. Prezident İlham Əliyev bildirdi ki, bütün strateji vəzifələr həll edlib, ərazilər işğaldan azad edilib, suverenliyimiz bərpa edilib və Xankəndidən tutmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Əgər Ermənistan əsassız iddialardan əl çəkib özünün qanunvericilik bazasında dəyişiklik edərsə Azərbaycan sülh müqaviləsi bağlamağa hazırdır. Yox əgər Ermənistan bu iddiaları davam etdirəcək, öhdəlikləri yerinə yetirməyəcəksə sülh müqaviləsi olmayacaq. Hesab edirəm ki, dünənki çıxış bizim gələcəyə yönəlmiş strateji baxışları və dövlətimiz qarşısında duran vəzifələri aydın şəkildə ortaya qoydu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB