"Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qruplar üçün şərait yaradılıb" - DEPUTAT FİKİR BİLDİRDİ

“Növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə məlumatı xalqımız böyük sevinc və məmnuniyyət hissi ilə qarşıladı. Doğurdan da, bu seçkilər xalqımız və dövlətimizin tarixində əlamətdar bir dövrə təsadüf edir. Müstəqil Azərbaycanın tarixində ilk seçki olacaq ki, ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın bütün ərazilərində seçkilər keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, növbədənkənar seçkinin keçirilməsi heç bir fərq yaratmır: “Dünya praktikasında da tez-tez belə təcrübələr var. Qələbələr və zəfərlər dövründə keçirilən ilk seçkimiz olacaq. Bundan əvvəlki Prezident və parlament seçkiləri də növbədənkənar keçirilmişdi. Çünki biz tarixi hadisələr ərəfəsindəydik. Məhz bu seçkilərdən sonra 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, suverenliyimiz bütün Azərbaycan torpaqlarında bərpa edildi.

Azərbaycan xalqı öz liderini yenidən və uzunmüddətə dövlətinin başında görmək istəyir. Seçki üçün bütün prosedurlar hazırdır və biz MSK-nın da məlumatları ilə də tanışıq. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qruplar üçün şərait yaradılıb. Növbəti seçkilər də hər zaman olduğu kimi tam demokratik və sivil şəkildə keçiriləcək.

Bu seçkinin favoriti yenə də Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev olacaq. Çünki cənab İlham Əliyevin xalq və beynəlxalq ictimaiyyət arasında reytinqi olduqca yüksəkdir. Çünki uzun müddət sonra Azərbaycan məhz İlham Əliyevin sayəsində itirilmiş torpaqlarını geri qaytarıb. Azərbaycan həm də bu dövrdə dünya tarixini həll edən dövlətlər sırasına daxil olub. Regionun artıq bütün məsələləri Azərbaycan diqtəsi ilə həyata keçirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə