"Türkiyə-Azərbaycan münasibətlərinin dünyada ikinci bir nümunəsi yoxdur" - Zafer Sırakaya

"Türkiyə-Azərbaycan münasibətlərinin dünyada ikinci bir nümunəsi yoxdur. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həmçinin, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. Əminəm ki, bu ifadələr yalnız sözdə qalmır, öz əməlimizdə də sübuta yetiririk". SİA xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya Azərbaycanda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə birgə keçirilən mətbuat konfransında deyib.

"Bundan əlavə Yeni Azərbaycan Partiyası vasitəsilə 6 fevral baş verən zəlzələdə qardaş Azərbaycan xalqının göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Həqiqətən də gördük ki, dost dar gündə tanınar.

44 günlük müharibədə, eyni zamanda, bu il sentyabrın 19-da başlanan antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. İnanıram ki, bu dostluğumuz daimi olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə