"Onları nə torpaq, nə Vətən, nə də dövlət məsələləri düşündürür" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Milli Şura və onun üzvləri indiyə qədər Azərbaycanda aparılan heç bir işə müsbət münasibət bildirməyiblər. Səbəb ondan ibarət deyil ki, bu işlər müsbət deyil. Səbəb Milli Şura üzvlərinin Azərbaycanda ancaq bir rəng və bu rəngin də qara olduğunu görməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Deputat sözlərinə belə davam edib: "Onlar o qədər beyinləri zəhərlənmiş vəziyyətdədirlər ki, ölkəmizdə bütün sahədə aparılan islahatlardan və müsbət hadisələrdən heç vaxt nəticə çıxarmayıblar. Heç Vətən müharibəsi dövründə belə siyasi partiyalar cənab Prezidentimizi dəstəkləməklə bağlı imzalanmış sənədə öz müsbət imzalarını atmamışdılar. Belə görünür ki, Tofiq Yaqublunun dediyindən fərqli olaraq onları nə torpaq, nə Vətən, nə də dövlət məsələləri düşündürür. Onları düşündürən yalnız öz şəxsi mənafeləridir. Çünki əgər Azərbaycan 30 il müddətində işğal altında olan torpaqları geri qaytarırsa, əgər Azərbaycan məcburi köçkün həyatı yaşamış insanları öz dədə-baba torpaqlarına yollayırsa, Azərbaycan dövləti bütün gücünü toplayaraq ilk dəfə olaraq ölkənin bütün ərazisində Azərbaycanın ərazi bütövlüyünü bərpa edirsə, deməli bu bütün Azərbaycan xalqının mənafeynə cavab verir. Belə olduğu halda, yəni xalq ölkə rəhbərini dəstəklədiyi təqdirdə Milli Şurada yığışmış bir dəstə vətən xainləri bu məsələlərin üstündən keçərək yalandan ölkədəki digər porblemləri qaldırmaqla məşğuldurlar.

Əslində, ölkəmizdə mətbuata heç bir təzyiq yoxdur. Cənab Prezidentin sərəncamına əsasən ölkədə agentlik yaranıb. Bu agentlik Azərbaycanda fəaliyyət göstərən bütün mətbuata öz müsbət münasibətini bildirməkdədir. Mətbuata istər maddi, istər mənəvi dəstək göstərilir. Bütün bunlar Azərbaycan dövlətində fikir plüralizminin və vətəndaş cəmiyyətinin formalaşmasında müsbət rol oynamaqdadır. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hər bir şəxs hüquq qarşısında bərabərdir. Hər kəs hüquq qarşısında cavab verməlidir. Azərbaycanda qanunlardan sui-istifadə etmək olmaz. Tofiq Yaqublu kimi insanların indiyə qədər heç bir fikri öz əksini tapmayıb. Düşünürəm ki, bu fikirlər Milli Şurada təmsil olunmuş milli düşmənlərin Azərbaycana qarşı olan fikirləridir. Bu adamlar heç vaxt fikirlərindən dönməyəcəklər. Çünki bunların gördükləri rəng ancaq qaradır".

Xatırladaq ki, ötən gün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu: "Repressiya qol-qanad açıb, həbslərin ardı-arası kəsilmir. Yazıb çatdırmaq da olmur. Səbail rayon polis idarəsinin yarı-maskalı əməkdaşları indi də Kanal13-ün ofisində axtarış aparırlar. Böyük ehtimalla qardaşım Əziz Orucova qarşı yeni cinayət işi açılıb. İndiyədək heç vicdanımıza qarşı çıxmadıq: Nə Qarabağ müharibəsi zamanı və sonra Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini dəstəkləyəndə, nə ölkədə insan hüquqları pozulmasına qarşı mübarizə aparanda. Daima Vətənimiz üçün ən yaxşısını istədik. Günahımız budur yəqin ki...

P.S. Əzizi aparanda böyük qızı Almaz buraxmırmış. Uşaq da bilir ki, atasını aparanlar necə naxələflərdir" deyə sosial şəbəkə hesabında paylaşım etmişdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə