"ATƏT-in birbaşa öhdəliyidir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"ATƏT-in birbaşa öhdəliyidir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Ötən gün cənab İlham Əliyev ATƏT-in Parlament Assambleyası Prezidentini qəbul edərkən ifadə etdiyi kimi, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini Ermənistanla münasibətlərini normallaşmasını və sülh müqaviləsini imzalanmasını dəstəkləyir. Amma məsələ ondan ibarətdir ki, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bir sıra güc mərkəzləri bölgədə dayanaqlı sülhü öz maraqlarına təhdid kimi yanaşırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: "Bildiyiniz kimi, əvvəl həmin güc mərkəzlərinin bölgədə münaqişənin mövcudiyyəti, separatizmin güclü olması fonunda ciddi təsir rıçaqları var idi, lakin Azərbaycanın Vətən müharibəsində qələbəsi, ardınca həyata keçirilən cəza tədbirləri, daha sonra antiterror tədbirləri ilə bölgədə işğala son qoyuldu, Azərbaycan özünün sərhəd bütövlüyünü, bütün ərazisində konstitusiya qurluşunu bərba etdi və separatizmin kökü qazındı. Nəticə etibarilə 30 il ərzində bölgədə münaqişənin dondurulmuş saxlanmasına çalışan, işğal faktorunu davam etdirməyə cəhd edən güclər özlərinin faktiki olaraq region üzərində bütün qanunsuz təsir imkanlarını itirmiş olublar. Yeni reallıqla barışmaq istəməyən Qərb təsisatlar və ayrı-ayrı dövlətlər isə əvvəlki BMT məqsədlərinə və beynəlxalq hüququn prinsiplərinə zidd status-kvonu bərpa olunması istiqamətində ciddi səylər göstərməkdədir və bu səylər artıq sülh və sabitlik üçün ciddi şansların yarandığı Cənubi Qafqazda təhdidlər yaranmaqdadır.

Bu gün faktiki olaraq ardıcıl şəkildə Fransa Ermənistanı silahlandırır, eləcə də Ermənistana digər dövlətlərdən silah ixrac edilir. Həmçinin Avropa İttifaqı özünün faktiki hərbiləşmiş missiyasının sıralarını Avropa İttifaqına üzv olmayan dövlətlər hesabına daha da genişləndirir. Kanadanın ardınca artıq ABŞ-nin bu missiyada təmsil oluna biləcəyi barədə artıq fikirlər dolaşır. Yəni faktiki olaraq qərb Ukraynada yaratdığı tragikomediyanı Cənubi Qafqaza daşımaq niyyətindədir. Avropada təhlükəsizlik və əməkdaşlığa cavabdeh təşkilat olaraq ATƏT-in birbaşa öhdəliyidir ki, məsələnin müvafiq təhlükəli istiqamətinə dur desin.

Eyni zamanda ATƏT-in və BMT Nizamnaməsində ehtiva olunan məqsəd və prinsiplərinin yerinə yetirilməsi istiqamətində formalaşmış digər təcsisatların beynəlxalq hüquqla üzərinə düşən öhtəlikdir ki, regionda reallıqları doğru və proseslərə fayda verəcək formada qiymətləndirsin. Möhtərəm Prezidentin də ifadə etdiyi kimi, bu gün regionda formalaşan proseslər, eləcə də regionda baş vermiş hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğal və hərbi təcavüzü konteksində nəzərdən keçirilməlidir. Eyni zamanda Ermənistanın işğalı və təcavüzünün, çoxsaylı cinayətlərinin, ekosid, urbusid və kultrasid əməllərinin nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı yanaşmalar möhtərəm Prezidentin ifadə etdiyi kimi, düzgün yanaşma olmaz, bu cür baxışlar bölgədə yalnız ziddiyətləri dərinləşdirəcək.

Bu mənada möhtərəm Prezidentin ATƏT-in Parlament Assambleyası rəhbərini qəbul edərkən səsləndirdiyi fikirlər Avropanın təhlükəsizliyini təhdid edən məsələlərlə bağlı beynəlxalq camiənin məlumatlandırılması və bu istiqamətdə tədbirlərin görülməsi, eyni zamanda Qərb dairələrinin çoxsaylı riyakar fəaliyyətlərdən çəkindirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə