“USAİD kimi təşkilatların fəaliyyətləri ciddi şəkildə araşdırılmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Qərbin bəzi institutlarından və birbaşa dövlət büdcələrindən maliyyələşən bir sıra təşkilatlar ölkəmiz müstəqillik qazandıqdan sonra keçid dövründən istifadə edərək müxtəlif humanitar fəaliyyətlər altında maskalanaraq əsas fəaliyyətləri olan pozucu fəaliyyətlə məşğul olmağa başladılar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat sözlərinə belə davam edib: “Seçildiyim bölgədə də müstəqilliyimizin ilk illərində xarici dövlətlərdən maliyyələşən və ilk baxışdan humanitar fəalyyətlər həyata keçirən bir sıra təşkilatlar olmuşlar. Bu təşkilatların demək olar ki əksəriyyəti USAİD -in maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Bunların bəziləri mikro kredit layihələri vasitəsi ilə icmaların inkişafı layihələrini həyata keçirmək adı altında kəndlərdə yaşayan əhalinin ev əşyalarını girov saxlamaq yolu ilə sadə insanları borclandırır və sonda da evlərində olan əşyaları götürərək satırdılar. Kənd təsərrüfatı layihələri adı altında xaricdən geni dəyişdirilmiş minlərlə ton tərəvəz toxumları gətirilərək əhaliyə paylanırdı. Bununla da yerli sortların tədricən yox olmasına nail oldular. Digər layihələri tibb sahəsində idi. Ailə planlaşdırması, vaksinasiya və s. layihələrlə Azərbaycan ailəsinin genofonduna dağıdıcı zərbə vururdular. Çoxuşaqlılığın qarşısının alınması üçün əsasən kənd yerlərində müxtəlif preparatlar və vasitələr paylanılırdı, ailədə guya zorakılıqların qarşısının alınması adı altında qadınlarla görüşlər keçirilir, gender bərabərliyini təbliğ etmək adı altında milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan ailəsinin əsaslarını sarsıtmaq üçün gizli fəaliyyətlər göstərirdilər. Təbii ki bütün bunları yenicə müstəqillik əldə etmiş, dövlət strukturları təkmil olmayan ölkədə həyata keçirildiyindən heç bir dövlət nəzarətindən söhbət gedə bilməzdi.
Məlumat üçün bildirmək istərdim ki, USAID (Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi), inkişaf etməkdə olan ölkələrə xarici yardım göstərmək və ABŞ -ın gizli fəaliyyətlərini həyata keçirmək məqsədi daşıyan böyük bir dövlət təşkilatıdır. Bu təşkilat, ABŞ Dövlət Departamentinin idarə etdiyi və ABŞ Konqresi tərəfindən təsdiq edilən bir büdcəyə sahibdir. USAID'in missiyaları, özlərinin ifadələrinə görə, yoxsulluqla mübarizə, təbii fəlakətlər zamanı yardım göstərmə, ətraf mühiti qoruma və demokratiyanın inkişafı kimi məqsədlər daşıyır. Lakin biz bunların sadəcə başqa məqsədlərə çatmaq üçün kamuflyaj olduğunu görürük. Təşkilat açıq-aşkar ifadə edilmiş vəzifələrin əvəzinə öz ölkəsinin siyasi maraqlarına uyğun olaraq fəaliyyətlər göstərir və bir sıra ölkələrdə fəaliyyət göstərən QHT və medianı da buna alət etməklə ölkələrin daxili işlərinə müdaxilə edir.
Çox uzağa getməyə gərək yoxdur USAID-nın rəhbərinin, "Dağlıq Qarabağ"da yaşanan vəziyyəti çox narahat edir”, "qida təhlükəsizliyinin olmaması" və "dərman qıtlığı". "Laçın koridoru, Dağlıq Qarabağ əhalisinə vacib tələbat mallarının təhvil verilməsi üçün əhəmiyyətli rol oynayır” kimi tviter paylaşımları, humanitar yük daşımaq üçün koridorun işlədilməsinə dair Dövlət Katibinin çağırışına qoşuluram" kimi fikirləri bu təşkilatın xoş məramından xəbər vermir. Əgər xoş məramı olsaydı Azərbaycanın Ağdam - Xankəndi yolunu humanitar yardım və nəqliyyat üçün açıq elan etməsini səssizliklə izləməz bu barədə də danışardı.
Fikrimcə, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri ilə müqaisədə inkişaf parametrlərinə və tempinə görə heç də geri qalmır və hətda bir çox kriteriyalara görə daha böyük nailiyyətlər əldə etmişdir. Buna görə də bir sıra beynəlxalq təşkilatların bu sahədə göstərmək istədikləri “yardımlara” da ehtiyac duyulmur. USAİD kimi təşkilatların fəaliyyətləri ciddi şəkildə araşdırılmalı və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərmələri tələb olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB