Bu gün Qubadlı şəhəri azadlığını qeyd edir - DEPUTAT ŞƏRH ETDİ
“Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi günlərinin qeyd olunması qürurvericidir. Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı rayonunun işğaldan azad edilməsinin ildönümündə rayon sakinləri ilə görüşündə bildirmişdi ki, Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlanıb. Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, 1933-cü ildə yaradılan Qubadlı rayonunda 1 şəhər 93 kənd olmaqla əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı olub: “Rayon 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 30 illik işğal dövründə Ermənistana heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın sərkərdəliyi və qəhrəman oğullarımız şücaəti sayəsində rayon işğaldan azad etdi. Bu müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Dünya Azərbaycanın qüdrətinə, şücaətinə, yenilməzliyinə şahidlik etdi”.
A.Hüseynov vurğulayıb ki, Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini də şəxsi nəzarətində saxlayır: “Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Qubadlının baş planına əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Qubadlı rayonuna səfərlər edərək həyata keçirilən layihələrlə tanış olublar. İşğaldan sonra birinci xanımla birlikdə Qubadlı şəhərinin Baş planı ilə tanış olub, bir sıra obyektlərin təməlini qoyub. Bu gün Qubadlıda aparılan bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir və bu isə rayonun yaxın gələcəkdə cənnətə çevriləcəyini təsdiqləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB