Zərərçəkmiş: “Erməni yanında getmədiyi üçün oğlanı başından güllələdi“

Zərərçəkmiş: “Erməni yanında getmədiyi üçün oğlanı başından güllələdi“

“Hadisə zamanı mən nənəmgildə qalmışdım. 23 dekabrda səhər saatlarında məni yuxudan oyadıb ermənilərin hücum etdiyini dedilər. Biz də qonşu Novruz kişi ilə qaçdıq. Ermənilər mühasirəyə aldıqları üçün evdən qaça bilmirdik. Amma evin üstü yanmağa başladığı üçün məcbur evdən çıxdıq”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Elnarə Mehralıyeva məktubunda deyib.

O sözlərinə belə davam edib: “Qaçmaq istəyərkən ayaq və əlimdən yaralandım. Bibim isə belindən yaralandı, Novruz dayının qızını isə ermənilər həmin an öldürdülər. Bibimin saçları yanırdı. Elmira Novruz kişinin oğluna dedi ki, məni vur ermənilərə əsir düşməyim. Novruzun digər qızını da vurub öldürdülər. Mən isə qaça-qaça evdən çıxdım. Mən hamıdan qabaqda idim. Qaçanda boyu uzun, yanağında qara xalı olan erməni ilə rastlaşdım. Amma nədənsə məni vurmadı. Qonşumuzda bir oğlanı həmin erməni yanına çağırdı, yanında getmədiyi üçün başından güllələdi. Nəhayət, əsgərlərimizin yerləşdiyi köhnə məktəbin binasına çatdıq.

Biz qaçdıqdan sonra 9-cu sinifdə mənlə bir yerdə oxuyan İsmayılın meyitini orda qoyduq. Qarqar çayında buz qırıldığı üçün ayağım yaralandı. Atam məni belina alıb yola davam etməyə başladı. Bir neçə gün sonra kənd camaatının çoxunun həlak olduğunu eşitdik. Bildiyimə görə, Meşəliyə hücum edənlər Badara erməniləridi. Onlara da kömək edən rus əsgərləridir”.

Qeyd edək ki, bu ifadə 19 noyabr 2007-ci ildə alınmışdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə