“Humanitar yük” şousu: OYUN BİTDİ! - TƏHLİL

“Humanitar yük” şousu: OYUN BİTDİ! - TƏHLİL

Torpaqlarının işğalı faktı ilə heç zaman barışmayan Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizədən bir an belə çəkinməyib və özünə məxsus olana sahib çıxıb. Ermənistanın, dünya ermənilərinin, onların aldatdığı dünyanın müxtəlif ölkələrindən olan qərəzli siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, ümumilikdə, bütün ermənipərəstlərin Azərbaycan əleyhinə fəaliyyəti, hətta təxribatları belə ölkəmizi öz ədalətli mübarizəsindən, haqq yolundan çəkindirə bilməyib və bundan sonra da çəkindirə bilməz.

Biz öz torpaqlarımızı, öz milli maraqlarımızı, bizə məxsus olanı qorumalıyıq və buna görə əcdadlarımızın da, müasirlərimizin də, gələcək nəsillərimizin də qarşında mükəlləfik, vətən torpağının hər qarışı uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında buna görə borcluyuq. Azərbaycanın bu gününə, gələcəyinə təhlükə sayıla biləcək nə olsa qarşısını almalıyıq. Heç bir qüvvə, heç bir təzyiq və təsir, heç bir siyasət bizi bu yoldan çəkindirə bilməz. Bunun üçün bizim hüquqi əsasımız da, gücümüz, qüdrətimiz, potensialımız da var. Zərrə qədər də olsa buna şübhə edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi, həmrəyliti sayəsində 44 günlük müharibədə Azərbaycanın böyük qələbə qazandığını, Şuşanın, Laçının, Kəlbəcərin, Füzulinin və başqa torpaqlarımızın geri qaytarıldığını xatırlaya bilərlər. O zaman Azərbaycan reallıqlarını, yeni reallıqları dərk edə bilərlər. Dərk edə bilərlər ki, Ermənistanın, dünya ermənilərinin və onların dünyanın müxtəlif ölkələrindən, o cümlədən dünyanın aparıcı dövlətlərindən olan havadarlarının planlarına baxmayaraq öz gücü hesabına qalib gələn Azərbaycandan Qələbənin bəhrələrini almaq mümkün deyil, çünki 44 günlük müharibədə həmrəy olan xalqımız, Azərbaycan cəmiyyəti bu məqamda da həmrəydir.

Cəsarətlə və əminliklə deyə bilərik ki, artıq ermənilərin regionda tamamilə yeni geosiyasi vəziyyətə təsir göstərmək cəhdləri əbəsdir və ümimiyyətlə mənasızdır. Azərbaycanın mükəmməl qələbəsini danmaq, qalib ölkə statusuna kölgə salmaq istəklərinin, arzularının puç olduğunu haylar özləri hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, Azərbaycan öz haqlı mövqeyindən geri çəkilən, qanuni tələblərindən imtina edən, düşmənə güzəştə belə gedən deyil. Lakin bunu başa düşsələr də təxribat yolu ilə, müxtəlif hiylələrlə tarixin gedişatına, bəzi məqamlara təsir etmək, nə isə qazanmaq niyyəti güdürlər, halbuki bu cəhdləri də onlar üçün faydasızdır. Nəinki faydasızdır, hətta onların özləri üçün təhlükəlidir. Təxribat xarakterli, çirkin niyyətli addımlarının özlərinə baha başa gələcəyini dərk etməsələr, daha acınacaqlı, daha faciəvi sonluqla qarşılaşacaqlarını bilməlidirlər. Əslində, erməni baş nazir Nikol Paşinyan özü də sonuncu dəfə çıxışında bu barədə etiraflar edib və bildirib ki, 44 günlük müharibə dönəmində Ermənistanın mövcudluğu belə təhlükə altında olub. Deməli, işğalçı ölkənin hakimiyyəti belə oynadıqları oyunların özləri üçün təhlükəli olduğunun fərqindədir. Artıq fərqindədir ki, bu oyunları sonsuza qədər davam edə bilməz və buna Azərbaycan tərəfi daha imkan verməyəcək.

Bəli, ermənilər tarix boyu öz mənfur niyyətlərinin gerçəkləşməsi naminə, daha dəqiq desək, başqalarına mənsub olanı ələ keçirmək, qamarlamaq, oğurlamaq məqsədi ilə çirkin oyunlara, müxtəlif hiylələrə əl atıblar. Başqalarına məxsus torpaqları, adət-ənənəni, mədəniyyəti, ümumiyyətlə, bacarsaydılar hər şeyi mənimsəmək niyyəti ilə oynadıqları oyunu da məqbul, qəbulolunan hesab ediblər. Oğurlamaq, qanunsuz şəkildə ələ keçirmək və bunun üçün hər bir əmələ, hər oyuna, hər hiyləyə baş vurmaq erməni xisləti üçün adi hal sayılıb. Bu xislət tarix boyu onları vadar edib ki, hər zaman hiylə və oyun quraraq, nə isə ələ keçirsinlər. Əslində, bundan əl çəkməyiblər və indi də, gələcəkdə də bu oyunlara baş vurmaları və vuracaqları təkzib edilə bilməz. Amma bu oyunlarının, hiylələrinin bundan sonra baş tutacağına, bununla da nəyə isə nail olacaqlarına özlərinin belə ümidləri yox dərəcəsindədir, çünki oyunun sonuna gəldiklərini də görürlər.

Hazırda rəsmi Bakının razılığı olmadan Azərbaycanın suveren ərazilərinə soxulmaq məqsədilə “humanitar yük” adı altında Ermənistan tərəfinin ərazilərimizə avtomobil karvanı göndərməsi də növbəti erməni hiyləsi, erməni oyunudur. Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, dırnaqarası “humanitar yük”, 44 günlük müharibədən sonra ölən erməni əsgərlərinin sayını, Ermənistan tərəfinin itkilərini gizlətmək niyyəti ilə bir neçə ay müddətində cəsədləri gizlətdikləri “Spayka” şirkətinin soyuducularında göndərilib. Görünən odur ki, bu, sadəcə olaraq, “humanitar yük” sousudur. Bu şou ilə ölkəmizin ərazilərinə soxulmaq cəhdi isə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsddir. Ən çox diqqəti cəlb edən isə həmin o “Humanitar yük” sousunda Markus Ritterin özünün də rəhbərlik etdiyi Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da iştirak etməsidir. Dərhal bəlli olur ki, bu şou əvvəlcədən planlaşdırılıb və bu da onu deməyə əsas verir ki, bədnam ikili standartlar siyasətinə sadiqliyik artıq nümayişkəranə şəkildədir, lakin Avropa İttifaqının Ermənistandakı missiyası “humanism” adı altında iştirak etdiyini iddia edir.

Maraqlıdır, Ermənistanın silahlı dəstələri ötən əsrin sonlarında Azərbaycana soxulanda, torpaqlarını işğal edəndə, həmin torpaqları otuz ilə yaxın işğal altında saxlayanda, soyqırımlar törədəndə, bir milyona yaxın qaçqın və məcburi köçkün yurd-yuvasından çarəsiz şəkildə didərgin düşəndə Avropa İttifaqı belə bir humanizm haqqında niyə heç düşünmədi də? Ermənistan BMT qətnamələrinə həyasızcasına məhəl qoymayanda da avropalıların azca da olsa narahatlığını belə niyə görmədik? Bu zamana qədər beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymayan Ermənistana qarşı real siyasi və iqtisadi təzyiq olmadığı halda, heç bir sanksiya tətbiq edilmədiyi təqdirdə, həmin o Avropa İttifaqının işğalçı ölkədəki missiyası hansı üzlə həmin “Humanitar yük” sousunda iştirak edir?

Xatırladaq ki, Ağdam-Xankəndi yolunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə yüklərin daşınması üçün istifadə oluna biləcəyi barədə Azərbaycan bəyan edib. Diqqətə çatdıraq ki, ölkəmizin bu təklifi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən bəyənilib də. Maraqlıdır, bunun ardınca Avropa İttifaqı nümayəndələrinin ermənilərin “Humanitar yük” sousunda iştirakını necə başa düşək? Belə çıxır ki, həmin Avropa İttifaqı nümayəndələri məhz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mövqeyini hesaba almırlar?

Məsələyə tamamilə başqa rakursdan yanaşdıqda, daha dəqiq desək, təklif olunan yolun texniki xüsusiyyətlərini nəzərə aldıqda görürük ki, Bərdə-Ağdam yolunun bərpasından sonra yüklərin daha tez və operativ şəkildə çatdırılmasına imkan verən əsaslı, məntiqli səbəblər çoxdur və bu baxımdan da həmin yoldan istifadə etmək üçün heç bir əsas ola bilməz. Elə isə niyə imtina edilir? Yaxud, imtina etməkdə məqsəd nədir? Əgər məkrli niyyət yoxdursa, ya da gizlin plan qurulmayıbsa niyə təklif edilən yoldan imtina olunur, əvəzində də belə şou düzəldilir? Beynəlxalq təşkilatlar, haqqı, ədaləti müdafiə etdiklərini iddia edənlər görmürlərmi ki, buna, bu şouya dəstək verməklə, ya da göz yummaqla erməni xalqını sülhə deyil, yeni müharibəyə təhrik edirlər, sövq edirlər. Erməni separatizmini və təcavüzünü təşviq etmək ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirmək deməkdir. Ermənistan Dağlıq Qarabağ xalqının taleyini həll edə bilməz”, deyə bir tərəfdən erməni baş naziri pafoslu çıxış edir, digər tərəfdən də Ermənistan faktiki olaraq Qarabağ ermənilərinə təsirini davam etdirir, çünki cinayətkar rejimi himayə edir və silahlı qüvvələrini Azərbaycan bölgəsindən çıxarmaq niyyətində deyil. Amma bu, o demək deyil ki, İrəvanın bu niyyətinə kimsə mane olmayacaq və ermənilər istədiklərini edəcəklər. Xeyr, əvvəldən də qeyd olunduğu kimi, biz öz torpaqlarımızı, öz milli maraqlarımızı, bizə məxsus olanı qorumalıyıq və qoruyacağıq da. Azərbaycanın bu gününə, gələcəyinə təhlükə sayıla biləcək nə olsa qarşısını almalıyıq, alacağıq da və heç bir qüvvə, heç bir təzyiq və təsir, heç bir siyasət bizi bu yoldan çəkindirə bilməz. Bunun üçün bizim hüquqi əsasımız da, gücümüz, qüdrətimiz, potensialımız da yetərincədir və Qələbənin bəhrələrini Azərbaycandan almaq mümkün deyil. Tarix boyu öz mənfur niyyətlərinin gerçəkləşməsi naminə, başqalarına mənsub olanı ələ keçirmək, oğurlamaq üçün çirkin oyunlara əl atan ermənilərin oyunları sonsuza qədər davam edə bilməz, əmin olsunlar ki, buna artıq imkan verilməz. Oyunlarının, hiylələrinin baş tutacağına, bununla da nəyə isə nail olacaqlarına zərrə qədər də ümid etməsinlər, çünki oyunun sonuna gəldikləri göz önündədir. Təsadüfi deyildi ki, Avropa İttifaqı, Türkiyə, ABŞ və İsveçrə səfirləri ilə görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, “oyun bitdi” deyib və bu mesajı həmin o humanitar şou göstərənlər zamanında dərk etməsələr dəmir yumruğu bir daha başlarının üzərində görməli olacaqlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə