“ABŞ-Azərbaycan əlaqələri dostluq və tərəfdaşlıq xarakteri daşıyır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ABŞ Prezidenti Cozef Baydenin cənab Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlaması Amerikanın Azərbaycanı regionda əhəmiyyətli siyasi fiqurlardan biri kimi qiymətləndirməsindən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.


Onun sözlərinə görə, Bayden regional sülh məsələlərinin həlli istiqamətində dövlətimizin səylərini dəstəklədiyini ifadə edən məktubu bir daha beynəlxalq aləmin də Qafqazda davamlı sülhə maraqlı olduğunu göstərir: “Artıq dünya ölkələri də bilir ki, regionun firavan və dinc gələcəyi naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çağırışlar olunmalıdır. Məktubda qeyd olunan məsələlər dövlətimizin davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursla səsləşir. Demək olar ki, hazıra ABŞ-Azərbaycan əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib, dostluq və tərəfdaşlıq xarakteri daşıyır”.

Müşfiq Cəfərov sözlərinə belə davam edib: “Tam əminliklə deyə bilərik ki, ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz - Xəzər dənizi regionunda Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilən bütün enerji layihələri enerji təhlükəsizliyini, enerji mənbələrinin şaxələndirilməsini və bütün iştirakçı tərəflərə fayda verilməsini təmin edir.

Bu gün nəinki Amerika, dünyanın əksər ölkələri Azərbaycanı güclü, dinamik inkişaf edən, terrorizmə qarşı qlobal mübarizəyə qoşulan, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən ölkə kimi qiymətləndirir.

Amerika prezidenti cənab Cozef Baydenin də qeyd etdiyi kimi Azərbaycan daima beynəlxalq antiterror əməliyyatlarında fəal iştirak edib. Hərbçilərimiz müxtəlif ölkələrdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm işlər görüblər. Dövlətimiz bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımını əsirgəmir. Buna görə də ABŞ prezidentinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və göndərdiyi humanitar yardımları yüksək qiymətləndirir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə