Müstəqil Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktı - TƏHLİL
Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb
Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olaraq ulu öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir.Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
HUMANİZMİN HEYDƏR ƏLİYEV ZİRVƏSİ
Mənalı ömrünü doğma Vətəninə və millətinə fəda edərək adını müasir Azərbaycan tarixinə əbədi həkk etdirmiş ümummilli lider Heydər Əliyev müstəqilliyimizin xilaskarı, milli dövlətçiliyimizin memarı və demokratik hüquqi dövlətin banisi olmaqla demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan dhüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Heydər Əliyev bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırmışdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlişindən sonra ölkəmizin bütün sahələrində yeni mərhələ başlandı, hərtərəfli canlanma yaşandı. Milli-mənəvi və əxlaqi dəyərlərə söykənən genişmiqyaslı tədbirlər həyata keçirildi və bunun nəticəsi kimi insanlarda milli ruh, özünüdərkin oyanışı formalaşmağa başladı. Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Milli qürur hissinin və milli şüurun yüksəlməsi həm sosial-iqtisadi, həm elmi və mədəni, həm də ictimai həyatın digər sahələrinin dirçəlişinə bünövrə oldu. Ulu Öndər Heydər Əliyevin o illərdə həyata keçirdiyi islahatlar sonradan milli dövlətçilik ideyalarının əsasında duran ana xəttə çevrildi, xalqın bir ideya ətrafında birləşməsinə şərait yaratdı. Azərbaycanın hazırkı siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası məhz ötən əsrin 70-80-ci illərində təməli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm potensiala əsaslanır. Xalqımızın müstəqilliyi və azadlığı uğrunda gedən mübarizəsinin uğuru da ulu öndərin fədakar siyasi fəaliyyətinin nəticəsində əldə olundu. Bu yolda ağır vəziyyətdə olan ölkəsinin, xalqının xilası naminə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi, xalq-dövlət birliyini, ictimai-siyasi sabitliyi və iqtisadi dirçəlişi təmin etməklə, demokratik hüquqi dövlət quruculuğunu özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyev demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətlər göstərdi. Hakimiyyətə qayıtdıqdan dərhal sonra insan hüquq və azadlıqları sahəsində ən vacib sayılan insanın yaşamaq hüququnun təmin edilməsi ilə bağlı önəmli addım atdı, Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoydu.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ ŞƏRQ ALƏMİNDƏ İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA ÖLÜM CƏZASININ LƏĞVİ ÖLKƏMİZİN DÜNYƏVİ, DEMOKRATİK, HÜQUQİ DÖVLƏT QURUCULUĞU YOLU İLƏ İNAMLA İRƏLİLƏDİYİNİ BİR DAHA SÜBUT EDİR
Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatlar davamlı xarakter almışdır. Məhz dahi şəxsiyyətin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. 1998-ci il fevralın 10-da isə ulu öndərin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edildi. Bununla bağlı Ümummilli Lider deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu qərar bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır.Demokratik hüquqi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Ulu öndər hesab edirdi ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Dahi öndərin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.Dahi öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda müstəsna xidmətlərindən biri hüquqi dövlətə xas olan müstəqil məhkəmə hakimiyyətinin yaradılmasıdır. Bununla bağlı ümummilli liderin rəhbərliyi ilə ölkədə köklü islahatlar aparılaraq, ilk növbədə, məhkəmə fəaliyyətini tənzimləyən yeni qanunlar və məcəllələr hazırlanıb qəbul edildi. Ulu öndər deyirdi: “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəkliklərə qaldırırıq. Bunun da ən prinsipial hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.
1996-cı ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı hüquq islahatları komissiyasını, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdə tuturdu ki, bu da ulu öndər Heydər Əliyevin göstərişi ilə qısa zaman kəsiyində uğurla həyata keçirilməklə ölkəmizdə məhkəmə hüququ sisteminin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə rəvac vermişdir. Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində atdığı ilk addımlardan biri məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" Fərmanı olmuşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılmasının vacibliyi önə çəkilmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq islahat komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur.Ulu öndər Avropa Şurasına üzvlük naminə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Heydər ƏIiyevin 4 may 1995-ci il tarixli fərmanı ilə əfvetmə institutunun bərpası və Prezident yanında əfv komissiyasının yaradılması, 1995-ci ildən ölüm cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi deyilənləri bir daha təsdiqləyir. Bir sözlə, ümummilli lider Heydər Əliyev ölkəmizdə qanunun aliliyini hər şeydən üstün tutaraq qanunlarımıza əməl etməyin hər bir kəsin ən ümdə borcu olduğunu bildirirdi: “Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.Qeyd edək ki, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktı 77 mindən çox insana şamil edilib.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HUMANİZM İDEYALARININ DAVAMÇISI - PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN LAYİQİNCƏ DAVAM ETDİRİLİR
Humanistlik, ölkəmizdə həyata keçirilən mükəmməl siyasətin əsasını təşkil etdiyindən, humanizm prinsiplərinin bütün sahələr üzrə davamlı reallaşdırılması prioritet istiqamətlərdəndir. Bu gün ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu insanpərvərlik ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu, o cümlədən ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir. Sevindirici və qürurvericidir ki, böyük şəxsiyyət Heydər Əliyev xalqın israrlı xahişi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra hüquqi və demokratik dövlətin əsas özüllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi ölkəmizdə daha etibarlı təşkil olunmuş, hər bir sahədə insanpərvərlik və mərhəmət prinsiplərinin rəhbər tutulması bərqərar edilmişdir. Qeyd etmək zəruridir ki, hazırda bu hüquqi-insanpərvər ənənələr uğurla davam etdirilir. Dahi şəxsiyyətin möhkəm təməllər üzərində əsasını qoyduğu uzaqgörən siyasətin varisliyini bütün sahələrdə dövrün tələblərinə uyğun layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Səmərəli fəaliyyət göstərməklə xalq arasında yüksək nüfuz qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü xeyirxah işlər kimliyindən asılı olmayaraq hər bir kəsə inamla və hörmətlə yanaşmanı, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasını şərtləndirmişdir. Son 19 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv fərman və sərəncamı, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insana sevinc bəxş etmişdir.
Hər kəsə məlumdur ki, dövlət başçısının mütərəqqi siyasətinin mərkəzində insan amili dayanır. Millətinə xidməti həyat amalına çevirmiş örnək lider cənab İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 19 ildə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Ölkə rəhbərinin mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, üzləşdikləri bütün çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməsi, insanların maddi və sosial rifahına xidmət edən, hər hansı şəkildə vəziyyətlərini yaxşılaşdıran qərarlar verməsi, aktlar qəbul etməsi və ya belə xarakterli qərar və aktların qəbul olunması üçün təşəbbüslər göstərməsi, o cümlədən Onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il noyabrın 5-də “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul etməsi dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin, ölkədə aparılan siyasətin qayəsini insan amilinin təşkil etməsinin təcəssümüdür.
PREZİDENT İLHAM ƏLİYEVİN İMZALADIĞI NÖVBƏTİ ƏFV SƏRƏNCAMI HUMANİZM SİYASƏTİNDƏ ƏN BÖYÜK ƏFV AKTIDIR
Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu, o cümlədən ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir. Belə ki, dövlət başçısı ənənəvi olaraq, bayram günləri,bir sıra əlamətdar tarixlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur. Və bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalaması ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır. Dövlətimizin başçısı bu humanist addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq və azadlıqlarını hər şeydən uca tutur.Sərəncamla dövlətimizin başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi, yeni nəfəs gətirdi. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Belə ki, bu dəfə əvvəlkilərindən daha çox - 801 məhkum əfv edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad olunub. İnanırıq ki, əfv olunan şəxslər ölkəmizdə qanunun aliliyini dərindən dərk edərək bir daha onu pozmayacaq, faydalı işlərlə məşğul olacaq, cəmiyyətimizin inkişafına töhfələr verəcəklər.
Prezident İlham Əliyev tərəfindən imzalanan əfv Sərəncamı vətəndaşlara verilən dəyərin, dövlətin humanist siyasətinin daha bir bariz nümunəsi olmaqla, həm də bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır və bu, bir daha onu sübut edir ki, Azərbaycan xalqının öz Prezidentinə inamı sarsılmazdır və bu inamı heç kim sarsıda bilməz.
Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir. Və Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı da Azərbaycan Prezidentinin siyasi iradəsinin və qətiyyətinin, bir sözlə, dövlətin öz vətəndaşlarına humanist münasibətinin bariz nümunəsidir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə