“Zərifə Əliyeva xalqının dərin məhəbbətini qazanmış əsl ziyalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Zərifə Əliyeva xalqının dərin məhəbbətini qazanmış əsl ziyalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü tamam olur. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanımızın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu ve etibarlı silahdaşı olub: “Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb deyə bilərik. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərifə xanım haqqında dedikləri bunu təsdiq edir. Ümummilli lider demişdir: “O mənə sadəcə ömür-gün yoldaşı deyildi. O mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi. Mənim üçün o, birinci növbədə, böyük bir insan idi.”

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin ve əhatəli olmuşdur. Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. İşinin peşəkarı, tələbkar həkim, tibb elmində böyük nailiyyətlərə imza atmış ciddi elm adamı olmaqla yanaşı, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə Zərifə xanım Əliyeva xalqının dərin məhəbbətini qazanmış əsl ziyalıdır.

Təsadüfi deyil ki, Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova görkəmli akademik Zərifə xanım Əliyeva haqqında danışarkən demişdir: "O, öz sadəliyi, səmimi və mehribanlığı ilə unikal bir şəxsiyyət idi. Mən deyərdim ki, o, ziyalılıq, sadəlik və xeyirxahlıq nümunəsi idi. Tanrı ondan heç nəyi əsirgəməmişdi: alim kimi alim, həkim kimi həkim, ana kimi ana, həyat yoldaşı kimi həyat yoldaşı... Üzvü olduğu kollektivdə də hamının məhəbbətini qazanmışdı. Kimin nə çətinliyi, qayğısı, problemi var idisə, ona üz tuturdu. Zərifə xanımın bir üstünlüyü də ona üz tutanlardan heç birisinin ümidini qırmaması idi, çünki özü son dərəcə kövrək bir qəlb sahibi idi. Nə qədər məşğul olsa, qayğıları nə qədər çox olsa da, həmkarlarına, iş yoldaşlarına və tələbələrinə vaxt ayırır, lazım gəldiyi vaxtda onların yanında olurdu.

Bəli, Zərifə xanım Əliyevanın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. İnanıram ki, bugünkü xanımlarımız da Zərifə xanımın davranışlarını, həyat tərzini, insanlarla rəftarını, övladlarına göstərdiyi qayğını, həkim kimi xəstələrə münasibətini öyrənərək tədbiq edir və Onu insanlığın parlaq siması kimi qiymətləndirirlər”.

Deputat sözlərinə belə davam edib: “Və təbii ki, müasir Azərbaycanın qurucu lideri, millətimizin qəhrəmanlıq, qalibiyyət tarixini özünə qaytarmaqla tarix yazan dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında Zərifə Xanım Əliyevanın müstəsna rolunu qeyd etməmək olmaz.
Prezident İlham Əliyev demişdir: “Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömürgün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq... Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərifə Xanım Əliyeva haqqında hər zaman böyük hörmət və məhəbbətlə danışmış, onun xatirəsini daima uca tutmuşdur.

Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.

Bu gün Azərbaycan xalqı Zərifə Xanım Əliyevanı dərin hörmət və ehtiramla xatırlayır, onun xalqımız qarşısındakı xidmətlərini unutmur, onun ömür yolunu öyrənərək gələcək nəsillərin yetişdirilməsində, ailə modelinin formalaşdırılmasında nümunə kimi tətbiq edirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə