İrəvanın çip alveri - SENSASİYA

İrəvanın çip alveri - SENSASİYA

Qərbin sanksiyalarına məhəl qoymayan Ermənistan cəzalandırılacaqmı?

Ermənistanın Rusiya-Ukrayna müharibəsində iştirak etdiyinə dair xəbərlər intensiv şəkildə artmaqdadır. Həm də bu məlumatlar onu göstərir ki, rəsmi İrəvan öz ölçüsündən böyük işlərə baş qoşub. Ermənistan bir tərəfdən özünü Moskva ilə Brüssel arasında balanslı siyasət yürüdürmüş kimi isbatlamağa çalışır, digər tərəfdən hər iki tərəfə xəyanət edir. Ermənistan-Azərbaycan müharibəsində Moskvanın neytral qalması, ermənilərə hərbi yardım və KTMT-nin nizamnaməsinə istinad edərək Ermənistanı məğlubiyyətdən xilas etməməsi İrəvanın üzünü Qərbə tutması üçün ideal şans və əsas verib. ABŞ-ın rəhbərliyi altında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sıyrılmaq və “böyük qardaş”ına kömək etmək fürsətini də fövtə vermək istəməyib.

Faktlara diqqət edək. “The New York Times” qəzeti martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Məlum olub ki, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur. Söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir.

Yadınızdadırsa, bir müddət əvvəl Azərbaycana məxsus, amma Peru bayrağı altında üzən, xarici şirkətlərdən birinin icarəyə götürdüyü gəmi Albaniyanın paytaxtı Tiranada həbs edilmişdi. Gəmidə daşınan malların da, şirkətin də Azərbaycana heç bir aidiyyəti olmadığı halda erməni lobbisinin parası ilə təbliğat quran xarici mediada elə hay-küy qoparılmışdı ki, az qala Azərbaycanı Rusiyaya sanksiyalardan kənar yardım etməkdə suçlayıb məhkəməyə çəkəcəkdilər. Ermənistanın isə sanksiyalardan kənar Rusiyaya yüksək texnoloji imkanları olan çiplər ixrac etməsini Qərb ölkələri görməzdən gəlirdi. Yalnız Ermənistan limiti 4-5 dəfə aşandan sonra avropalılar hərəkətə keçməyə məcbur oldular.

Yenə ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktlara müraciət edək. ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədinə görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə deyilir ki, daha sonra Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. Bundan əvvəl 2022-ci ildə Vyetnamdan Ermənistana ixracatın 380%, Yaponiyadan 252%, Qazaxıstandan 201%, Hindistandan 190%, Fillipindən 181%, Cənubi Koreyadan 102% artdığı məlum olmuşdu.

Bütün bunların həyata keçirilməsində Avropadakı bəzi siyasi və biznes dairələrinin, daha çox isə Qərbdə özünə yuva qurmuş erməni əsilli biznes adanlarının rolu var. Maraqlı təzad yaranır, bir tərəfdən Ermənistan Rusiyadan qopub Qərbə üz tutur, Qərbin yanında olduğunu bəyan edir, digər tərəfdən Rusiya ilə Ukrayna üzərindən müharibə aparan Qərbin planlarından kənar, daha doğrusu xəyanətkar bir addıma imza atır, Ukrayna şəhərlərini yerlə yeksan edən yüksək dəqiqlikli raketlərin, dronların istehsalında əsas komponent olan çipləri dolayı yollarla, həm də özünü riskə ataraq Rusiyaya çatdırır. Anlamaq olmur, İrəvan bununla həqiqətən kimin yanında olduğunu bəyan edir?

Statistik rəqəmlərə inansaq 2022-ci ildə Avropa ölkələrindən Ermənistana ixrac 70% artıb. Və İrəvan bu fürsətdən istifadə edib “qara bazarda” fəaliyyətini genişləndirib. Ermənistanın ötən 2022-ci ildə Avrasiya İqtisadi İttifaqı və Qərblə ticari əlaqələrindəki dəyişikliyə baxaq.

Rusiya Avropa ilə ticari marşrutlarını dəyişib və “dost” ölkələr vasitəsilə getdikcə daha çox yük daşıyır. Məsələn, Ermənistan vasitəsilə idxal 79%, ixrac isə 59% artıb. Qərbin sanksiyaları fonunda Rusiya Federasiyasından avtomobil ixracı cəmi 8% azalıb. Ermənistan Respublikasının Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 2022-ci ildə təxminən 5,3 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 93% çoxdur. Bu barədə “Ermənistan hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir.

2022-ci ilin sonunda Ermənistan və ABŞ arasında ticarət dövriyyəsi təxminən 465 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. 2021-ci ildə bu rəqəm 207 milyon dollar olub. Eyni zamanda, Ermənistanla Avropa İttifaqına üzv ölkələr arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 43,8% artaraq rekord həddə, demək olar ki, 2 milyard avroya çatıb. Ermənistandan Aİ ölkələrinə ixrac 2021-ci illə müqayisədə 17,8% artıb. Məsələn, 2022-ci ildə Ermənistanla Fransa arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 30% artaraq 122,5 milyon dollar təşkil edib.

Yəqin ki, bu rəqəmlərin nə dediyini siz də anladınız. Sanki, Qərb ölkələrinin, məsələn Fransanın da gizli ticarətdə əlinin olduğu sezilir. ABŞ-ın xəbəri olana qədər Ermənistanla Fransa il ərzindən sanksiyalardan kənar qanunsuz yükdaşıma ilə məşğul olmağa vaxt tapıblar. Bütün bu faktlar Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir. Ermənistanın sanksiya altında olan ölkələrə “dəstək” sahəsində böyük təcrübəsi var – uzun illərdir İran sanksiyaladan yayınaraq xaricdən malları məhz Ermənistan vasitəsilə alır.

Ermənistan iqtisadiyyatının Rusiya-Ukrayna müharibəsi fonunda böhranla üzləşəcəyi proqnozlaşdırılırdı. Çünki hər iki ölkədən asılılığı var idi, bu ölkələrin iqtisadiyyatı ilə sıx bağlılıq İrəvanı düşdüyü dalandan çıxarması üçün əyri yollar seçməyə vadar etdi. Sonrakı proseslər isə bunun əksini göstərdi və 2022-ci ildə Ermənistanda böyük iqtisadi artım qeydə alındı. Rusiyanın böhran yaşadığı dövrdə ondan iqtisadi baxımdan asılı olan bir ölkənin iqtisadiyyatının sürətli artımı təbii şəkildə baş verə bilməzdi. Bu isə onu göstərir ki, Ermənistanda 2022-ci ildə müşahidə edilən iqtisadi aktivlik daha çox süni xarakterə malikdir. Bu süni aktivliyin yaranmasına Rusiya ilə əlaqəli müxtəlif proseslər təsir etmişdir. Burada ilk nəzərə çarpan nüans Ermənistanın sanksiyalardan yayınaraq Rusiya ilə iqtisadi əlaqələri davam etdirməsidir. Qərbin qanadı altına girməyə çalışan Ermənistan yeni hamisinin qadağalarına məhəl qoymur, onun düşməninə “kərtənkələ yardımı” göstərir.

Bu gün Ermənistanın Rusiyaya saxta sənədlərlə və gizli yollarla sanksiya tətbiq olunmuş malları (o cümlədən hərbi istifadə üçün nəzərdə tutulmuş) ötürməsi həm də onunla bağlıdır ki, uzun illər İrana sanksiyalardan yayınmağa yardıma görə Ermənistana nə ABŞ, nə Aİ tərəfindən təzyiq olmayıb, buna göz yumulub. Qərbin sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən birinə çevrilmiş Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsində Qərb ölkələri yenə reaksiya verməsələr, Qərbin Ukraynaya dəstəyinin səmimiliyi sual altında qalacaq.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə