“Azərbaycanın öz qanunu tələblərinin reallaşdırmasına çox az vaxt qaldı” MÜNASİBƏT

“Azərbaycanın öz qanunu tələblərinin reallaşdırmasına çox az vaxt qaldı” MÜNASİBƏT

“Xankəndi yolunda QHT fəallarının iki aydan artıq müddətdə davam edən aksiyası tariximizin ən şanlı səhifələrindən biridir”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu aksiya Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam təmin olunması istiqamətində atılan birinci addımdır: “Arxasınca digər addımlar da gələcək. Hamının etiraf etdiyi kimi bu aksiya son dərəcə uğurlu oldu və bir sıra mühüm məsələlərin aşkara çıxmasına imkan verdi. Hamı gördü ki, Azərbaycan hətta hərbi qüvvələri cəlb etmədən də Laçın dəhlizini nəzarətə götürə bilər və oradan keçən yüklərin ciddi şəkildə yoxlanılmasını təşkil edə bilər. İkinci mühüm məqam rus sülhməramlılarının mütləq gücünə olan inam sarsıldı və hamı gördü ki, yeri gələndə onlarla kifayət qədər sərt davranmaq olar və 10 noyabr sazişindən irəli gələn öhdəliklərin icrasını qəti şəkildə tələb etmək olar. Ermənilər anladılar ki, növbəti addım Laçın dəhlizində gömrük postunun və sərhəd xidmətinin yerləşməsi olacaq. Bu addımın atılmasına mane olacaq heç bir razılaşma yoxdur”.

A.Səmədov onu da bildirdi ki, 10 noyabr sazişində gömrük və sərhəd xidmətinin Laçın dəhlizində yerləşməsi müddəaları yer alır: “Erməniləri ən çox qorxudan da budur. Əvvəl monitorinqə qəti etiraz edirdilər. İndi beynəlxalq mütəxəssislərin Qarabağdakı qızıl, mis və molibden mədənlərini monitorinqinin keçirməyinə razılıq verir. Ancaq təbiidir ki, Azərbaycan bunu eləmir və eləməyəcəkdir. Monitorinqi Azərbaycan mütəxəssisləri keçirməlidirlər və yalnız bundan sonra aksiyanın dayandırılması barədə danışıqlar aparmaq mümkündür. Monitorinq mütləq keçirilməlidir. Ancaq hətta ermənilər bu addımı atmaq məcburiyyətində qalsalar belə, arxasınca Azərbaycanın növbəti addımları gələcək. Ötən il Praqada və Soçidə Ermənistan, Fransa, Avropa İttifaqı, Rusiya Azərbaycanın suverenliyini təsdiq edən sənədin altından qol çəkdilər və heç kim Azərbaycanın öz ərazisində o cümlədən, Qarabağda suverenliyini birmənalı şəkildə təmin etməyinə mane ola bilməz. Ermənilər nə qədər qorxsalar da, nə qədər çəkinsələr də və nə qədər təxribatlar törətsələr də, Azərbaycanın öz qanunu tələblərinin reallaşdırmasına çox az vaxt qaldı”.

Gülyanə

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə