“Azərbaycanda yeni hərbi hissələr və birləşmələr yaradılır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda yeni hərbi hissələr və birləşmələr yaradılır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“2023-cü il yanvar ayının 10-da ölkə Prezidenti Cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi və Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında geniş məlumat verdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.


Onun sözlərinə görə, artıq ənənə halını almış bu görüşlər, ölkə ictimaiyyətinin əldə edilmiş uğurlarla bağlı məlumatlandırılması, dostlarımızla güvən, düşmənlərimizə bizimlə hesablaşmamağın acı nəticələrinə qatlanmalı olacaqlarını bir daha onların diqqətinə çatdırır: “Ölkə Prezidenti qeyd etmişdir ki, dünya global postpandemiya böhranı ilə mübarizə aparır və bu böhranın təsiri global dünyanın bir parçası olan ölkəmizdən də yan keçməmişdir. Lakin görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkə iqtisadiyyatı öz artım tempini qoruyub saxlaya bilmiş, bir çox parametrlərdə daha da yüksək nəticələr əldə olunmuşdur. Bu uğurların əsasında Azərbaycanda iqtisadi siyasətlə yanaşı social siyasətin də dövlət tərəfindən uğurla icra olunması durur”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan Prezidenti ölkəmizin sosial dövlət olduğunu bir daha vurğulayaraq bildirmişdir ki, bu sahəyə böyük vəsaitlər ayrılmışdır. Bundan sonra bu tendensiya davam etdiriləcəkdir. 2023 cü ildə pensiyalar 16.7% artırılmış, 60 min ailəyə ünvanlı sosial yardım verilir, orta əmək haqqı 900 manata çatmışdır. Xalqımızın həssas qrupu olan şəhid ailələri və müharibə əlillərinə bu ilin sonuna 3000 mənzil verilmişdir, 2023 cü ildə ən az 1500 mənzil də veriləcəkdir, ümumilikdə 13000 ailə bu qayğı ilə əhatə olunmuşdur.

Bəli, biz bu gün iqtisadi cəhətdən müstəqil bir ölkəyik. Cənab Prezident qeyd etmişdir ki, ümumi daxili məhsulun həcmi 134 milyard manat olmaqla rekord həddə çatmışdır. Həmçinin, 2022 ci ilin əvvəlinə xarici borcumuz ÜDM-un 17% ni təşkil edirdisə hazırda bu rəqəm 9.5 %-dir. Dünyanın bir çox ölkəsində bu rəqəm 100-150% təşkil edir. Bütün bu iqtisadi göstəricilərə görədir ki, dünyanın bütün aparıcı maliyyə institutları bizimlə əməkdaşlığa hazır olduqlarını bildirilər. Lakin biz hələ ki, xaricdən borc almağa can atmırıq.

Vətən müharibəsindən sonra Azərbaycan, Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə bütün bərpa və quruculuq işlərini öz vəsaiti hesabına həyata keçirir. Buna bizim iqtisadi qüdrətimiz imkan verir.
Bu çıxış gələcək hədəflərin müəyyən olunması baxımından da böyük önəm kəsb edir. Cənab Prezident ölkəmizin qlobal iqtisadiyyatdakı rolundan da geniş danışaraq qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən nəqliyyat dəhlizləri layihələrinə böyük sərmayələr qoyulmuşdur və demək olar ki bu sahədə bütün işlər yekunlaşmışdır.

Gələcəkdə Azərbaycan üzərindən 30 milyon tondan çox yükdaşımaları həyata keçiriləcəyi vurğulanmışdır. Həmçinin Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması istiqamətində işlər görülür. Ermənistan kapitulyasiya aktında qeyd olunmuş Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa olunmasını öz üzərinə götürmüşsə də, bu istiqamətdə real işlərin həyata keçirilməsindən boyun qaçırır. Lakin bu nəqliyyat dəhlizinin açılacağndan heç kimin şübhəsi olmamalıdı.

Ölkə başçısının toxunduğu digər bir məsələ milli kimliyimizin, dövlətçiliyimizin və nəhayət tarixi ədalətin bərpası istiqamətində aparılan işlərin tərkib hissəsi olan Qərbi Azərbaycan icması ilə görüşməsi və deportasiya həyatı yaşayan soydaşlarımızın öz dogma yurdlarına qaytarılması üçün görülmüş işlər olmuşdur. Azərbaycan Prezidenti demişdir ki, Ermənistan monoetnik damğasını öz üzərindən götürmək istəyirsə sülh yolu ilə Qərbi Azərbaycanlıların öz yurd yuvalarına qayıtmasını təmin etsin. Əks halda istənilən yolla biz bu tarixi ədaləti də pərpa edəcəyik.
Ordu quruculuğuna toxunan ölkə rəhbəri bildirmişdir Azərbaycanda yeni hərbi hissələr və birləşmələr yaradılır. Onların silah sursat təminatı ən müasir tələblərə cavab verəcək səviyyədə təmin edilir. Bununla yanaşı hazırkı qlobal silah bazarında yaranmış boşluqdan istifadə edərək Azərbaycan öz hərbi sənayesini sürətli şəkildə inkişaf etdirərək dünya bazarında silah ixracatçısı rolunu tezliklə yerinə yetirəcəkdir. Bu istiqamətdə ciddi işlər görülür və biz bu sahədən milyonlarla vəsait əldə edə bilərik.
Ölkə Prezidentinin çıxışından aydın oldu ki, 44 günlük vətən müharibəsinin nəticəsi olaraq Ermənistanın kapitulyasiya aktına imza atması onun üzərinə qeydsiz şərtsiz əməl etməli olduğu öhdəliklər qoymuşdur. Lakin Ermənistan tərəfi bu öhdəliklərin tam icrasını həyata keçirməyərək dünya ictimaiyyətinə yalan məlumatlar ötürür, öz havadarlarının dəstəyi ilə nələrəsə nail olmağa çalışır. Azərbaycan Ermənistan sərhədlərinin delimitasiyası əslində Ermənistanın maraqlarında olmalıdı, əks halda biz istədiyimiz yerdən sərhədləri müəyyən edə bilərik. Bunun üçün bizim əlimizdə tarixi əsaslar var. Bir daha qətiyyətlə bildiririk ki, əgər Azərbaycana qarşı hər hansı təhlükə yaranarsa biz bütün qüvvəmizlə bu təhlükələri aradan qaldıracağıq və burdan Ermənistanın havadarlarına da bu mesajımı çatdırıram.

Cənab Prezident İlham Əliyev demişdir: “Müharibədə qalib olmaq, xalqın ümidlərini doğrultmaq, qurub yaratmaqdan böyük xoşbəxtlik ola bilməz. Mən şübhə etmirəm ki, biz istəyimizə nail olacağıq. Mümkün olmayan heç nə yoxdur, biz ədalət istəyirik və biz bu ədaləti bərpa edəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə