"Azərbaycanla hədə-qorxu və ya güc dili ilə danışmaq yolverilməzdir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
"Cənub qonşumuz İran nəhayət başa düşür ki, Azərbaycanla hədə-qorxu və ya güc dili ilə danışmaq yolverilməzdir. İran rəhbərliyi anlayır ki, sərhədlərimizdə təlimlər keçirərək şou yaratmaq, sərsəm siyasi açıqlamlar səsləndirməklə Azərbaycan dövlətinin iradəsinə təsir etməz mümkün deyil". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
S.Kərimli vurğulayıb ki, İran Ali dini rəhbərinin müşavirinin son açıqlaması faktiki olaraq Tehranın geri çəkilməsidir: “İran rəhbərləri gördü ki, Azərbaycanı təhdid etmək, hədələmək heç bir nəticə verməyəcək. Məlumdur ki, ölkələrimiz arasında yaranan gərginlikdə məsuliyyət birbaşa İranın üzərinə düşür. Azərbaycan daim İrana dost və qardaş münasibəti bəsləyib, yürütdüyü siyasətdə səmimi olub. Hətta Prezident İlham Əliyev Xudafərin körpüsünü dostluq körpüsü adlandırmışdı. Amma İran dövləti bu xoş məramı layiqincə dəyərləndirə bilmədi. Ermənistana siyasi dəstək vermək, Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilməsi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönələn hörmətsizlik İran rəhbərliyinin yol verdiyi ciddi səhvlərdir. Görünən odur ki, İranın siyasi rəhbərliyi bu addımların səhv olduğunu başa düşür. Buna görə də Azərbaycanla münasibətlərə həssas yanaşmağa qərar verilib”.
S.Kərimli onu da bildirib ki, Qarabağın işğal edilməsində, sonrakı illərdə tarixi ərazilərimizin talan olunmasında İranın Ermənistana verdiyi dəstəyi Azərbaycan xalqı unutmayıb: “Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrimizin erməni vandalları tərəfindən dağıdılmasına, məsçidlərimizin təhqir edilməsinə İranın heç bir reaksiya verməməsini də yaxşı xatırlayırıq. İran eyni zamanda xalqımızın ermənilər tərəfindən qanlı soyqırım cinayətlərinə məruz qalmaına da göz yumub. Təəssüflər olsun ki, İran bu gün də terrorizmə, işğalçılığa, revanşist meyllərə dəstək verir, Ermənistana himayədarlıq edir”.
"Əgər İranın Ali dini rəhbərinin müşaviri öz açıqlamalarında həqiqətən səmimidirsə, rəsmi Tehran bunu əməldə də göstərməlidir. İran Ermənistana dəstək verməkdən çəkinməli, Azərbaycanla münasibətlərin normallaşmasına nail olmalı, ölkəmizin ərazi bötüvlüyünə hörmətlə yanaşmalıdır. Yalnız bu halda bölgədə sülhdən, təhlükəsizlikdən və dostluqdan danışmaq olar",- deyə S.Kərimli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB