Qafqazın ortasındakı “atom bombası” - ANALİZ

Artıq bu nəhəng “nüvə bombası”nın fitili alışmış vəziyyətdədir və sayğac işə düşüb...

Xəbər verdiyimiz kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Ermənistana işgüzar səfərə gedib. Ermənistan Xarici İşlər Nazirliyi sosial şəbəkədə bununla bağlı məlumat yayıb. Məlumata görə, Qrossi səfər çərçivəsində xarici işlər naziri Ararat Mirzoyan, prezident Vaaqn Xaçatryan, baş nazir Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri və digər rəsmilərlə görüşlər keçirəcək.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru, həmçinin “Metsamor”Atom Elektrik Stansiyasına, Fanarcyan adına Milli Onkologiya Mərkəzinə baş çəkəcək və YDU tələbələri üçün mühazirə oxuyacaq.

“Metsamor” hər an partlamağa hazır nüvə bombasıdır

Səfərin əsas məqsədinin AES-lə bağlı olduğu aydın məsələdir. “Metsamor” AES-lə bağlı uzun müddətdir həyəcan yaşanır. Dünyanın atom elektrik stansiyaları arasında ən təhlükəlisi olan “Metsamor” texniki cəhətdən istismar müddətini başa vurub. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Dünyada 4-cü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda “Metsamor” tipli 1-ci nəsil AES-lər çoxdan fəaliyyətini dayandırıb.

1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatmışdı. Lakin, müddət daha 13 il uzadıldı. Bu müddət də 2014-də başa çatdı, orada yeni stansiya tikilməli idi, lakin hələ ki, bu reallaşmayıb. Yeni stansiya tikilənə qədər “Metsamor” təhlükəli vəziyyətdə işləməli olacaq.

Üstəlik, bu, AES seysmik zonada yerləşir. 1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” da yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda “2-ci Çernobıl” baş vermədi. Spitak zəlzələsindən sonra stansiya bağlanmışdı, lakin beynəlxalq təzyiqlərə baxmayaraq 1995-ci ildə fəaliyyəti bərpa edildi.

Bundan başqa, “Metsamor”un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyil. Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. Artıq bu nəhəng “nüvə bombası”nın fitili alışmış vəziyyətdədir.

Bu AES təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə olaraq qalır. Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan uzun illərdir həyacan təbili çalır, dünya isə susur.

“Metsamor” AES-in bağlanması niyə baş tutmadı?

BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.

“Metsamor”un böyük təhlükə olduğunu başa düşən Avropa İttifaqı 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. Avropa İttifaqı bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan həyasızcasına 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.

Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial vəziyyətdə olduğunu, ölkənin alternativ enerji mənbələrinin olmadığını bəhanə edir. Anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə Ermənistan əhalisi məhv olacaq.

Ekspertlərə görə, stansiyada baş verəcək hər hansı bir qəza çox ciddi fəsadlara gətirə və bundan təkcə Ermənistan deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və İran da ciddi ziyan çəkə bilər. Lakin təəssüf ki, region ölkələrinin bu haqda birgə təzyiqi yoxdur. Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, Türkiyə narahat olur, Gürcüstan və İran isə susur...

Atom qəzası 5 ölkəni fəlakətə düçar edə bilər

Əgər "Metsamor"da partlayış olsa, bunun faciəvi fəsadları bütün region ölkələrində, o cümlədən də Azərbaycanda özünü göstərəcək. Həm ekoloji, həm insani fəlakət baş verəcək. Buna görə də, Azərbaycan bütün mötəbər tribunalardan “Metsamor” AES-in region üçün təhlükə olduğunu elan edir və həyəcan təbili çalır.

Hələ 2002-ci ildə MAQATE-nin o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən prezident Heydər Əliyev ondan xahiş etmişdi ki, “Metsamor”un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın.

Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bu problemi qaldırmışdı.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi də mütamadi olaraq Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqinlərində “Metsamor” təhlükəsini qabardır.

Lakin beynəlxalq təşkilatlar bunun üçün Yerevana lazımi dərəcədə təzyiq göstərmirlər. Düzdür, bununla bağlı Avropa İttifaqının da qərarları var. Avropa Komissiyası da bu AES-in fəaliyyətinin dayandırılmasını tələb edir. Amma hələlik Ermənistan bu qərarlara əhəmiyyət vermir. Yerevan enerji və maliyyə çatışmazlığını bəhanə edərək nə stansiyanı dayandırır, nə də onun texnologiyasını yeniləyir.

Qafqazda 3-cü “Çernobıl”ın qarşısı alınmalıdır

Çernobılda qəza olanda butun Şərqi Avropada ciddi təsirləri oldu, SSRİ-də və Avropa ölkələrində milyonlarla insan radiaktiv şüalanmaya məruz qaldı. “Fukuşima” qəzası isə təhlükə səviyyəsinə görə ondan da güclü oldu- Sakit Okeanın xeyli hissəsini radiasiya ilə zəhərlədi, milyonlarla insan radiaktiv şüalanmaya məruz qaldı. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, beynəlxalq təşkilatlar, ilk növbədə isə Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidirlər.

Turkiyəli eskpertlərin verdiyi açıqlamalara görə, “Metsamor”un radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərcəng xəstəliyinə tutulmüş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə müvafiq orqanlarını həyəcan təbili çalmağa vadar edib.

AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı rəsmi məlumatların olmaması daha bir böyük probemdir. Bəzi məlumatlara görə, Ermənistan radiaktiv tullantıları Azərbaycanın işğal edilmiş Qarabağ zonasında basdırırmış. Bu isə regional ekoloji fəlakətə səbəb ola bilər.

Yeri gəlmişkən, bu AES-in reaktorlarını soyutma sularının yearltı boru xətti ilə Araza axıdılması haqda məlumatlar var. Bu da ciddi araşdırılmalı məsələdir. Ümumiyyətlə, “Metsamor” bombası hər an partlamağa hazırdır və bu böyük bir regionda dəhşətli faciələrə gətirə bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə