Komitədə növbəti kollegiya iclası keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Şanlı Zəfərimizin beşinci ildönümündən sonra azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa-quruculuq işlərinin genişləndirildiyini, “Böyük Qayıdış”ın uğurla həyata keçirildiyini vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev bölgədə möhkəm sülhün təməlinin qoyulduğunu bildirib. Dövlətimizin başçısının sülh təşəbbüslərinin Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, “Böyük Qayıdış”la bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Kollegiya iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, komitənin Mənzil İstismar Departamentinin balansındakı qəsəbələrdə payız-qış mövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Komitə sədri ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

İclasda müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə