“Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” - FOTOLAR

Oktyabrın 23-də Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, Elmi-Məsləhət Şurasının üzvləri, eləcə də Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, hüquqşünaslar Arif Eyyubov və Sabir Qəniyev iştirak ediblər.

İclasda “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” mövzusu müzakirə olunub.

İclasa sədrlik edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edib ki, müzakirənin məqsədi podrat müqavilələri ilə bağlı yaranan mübahisələrin həlli zamanı müvafiq hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına nail olmaqdır. Bildirilib ki, kollegiya tərəfindən ötən ilin iş planına uyğun olaraq podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə ümumiləşdirmə aparılıb və yeni, geniş məzmunlu Plenum qərarının layihəsi hazırlanıb. Bu baxımdan iclasda aparılacaq elmi müzakirələrin Plenum qərarının təkmilləşməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Daha sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunan podrat işləri üzrə şifahi formada və ya həmin Qanunda müəyyən edilmiş qaydalara əməl edilmədən bağlanan yazılı müqavilələrin etibarlılığı, sifarişçi tərəfindən işin qəbulu zamanı aşkar edilməsi çətin olan qüsurların müəyyən edilməsi halında iddia müddətinin başlanma anı, habelə sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin dəyərinin ödənilməsi məsələləri ilə bağlı müxtəlif hüquqi aspektlər müzakirə olunub, iştirakçıların rəy və təklifləri dinlənilib.

İclasın sonunda vurğulanıb ki, müzakirə zamanı səsləndirilən mülahizələr və təkliflər podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və vahid yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətlidir və Ali Məhkəmənin gələcək fəaliyyətində nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə