İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi vüsət almaqdadır - TƏHLİL

Cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri məhz informasiya və kommunikasiya texnologiyalarıdır. Artıq informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi kifayət qədər genişlənib və hətta təsir dairəsi dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsil sahəsini, mədəniyyəti və ümumilikdə son zamanlar insanların həyat tərzini belə əhatə etməkdədir.

Bəşəriyyətin gələcəyinə gedən yolun məhz informasiya cəmiyyətinə istiqamətlənmiş yol olduğu hazırda qəbul edilməkdədir və bu, bir reallıqdır. Təsadüfi deyil ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, hətta bir çoxu bundan, yəni informasiya və kommunikasiya texnologiyalarının bəxş etmiş olduğu üstünlüklərdən yararlanmaqdadır. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, artıq hər hansı ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığının və demokratiyanın inkişafının əsas göstəriciləri məhz informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi ilə ölçülür.

Bu da bir reallıqdır ki, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq. Çünki informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və bunu artıq dünya təcrübəsi də təsdiq edir. Elektron ticarətin rolunun dünya bazarında artması bunun bariz nümunəsidir və bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunmasında rolu danılmazdır. Eləcə də yoxsulluğun azaldılması üçün belə bu texnologiyalar ən vacib vasitə hesab olunur.

Sadalananlar əsas tutularaq ölkəmizdə, Azərbaycanda da informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə, bu texnologiyalardan yararlanmağa böyük yer verilib və hətta bu texnologiyaların istifadəsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Məhz elə buna görə də bir çox sahələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində ciddi uğurlar əldə edilib, müvəffəqiyyətlər qazanılıb. Məqsəd həm də informasiya və kommunikasiya texnologiyalarının istifadə etməklə ölkənin demokratik inkişafına dəstək vermək, kömək etmək, eləcə də informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindən biri də ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi hesab olunur. Elə bu baxımdan da informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şərait yaradılıb və bu, Azərbaycan dövlətinin məqsədlərindəndir. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə milli strategiya və fəaliyyət planının olması bunu təsdiq edir.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində ölkəmizdə son illərdə önəmli işlər görülüb. Hətta hüquqi baza da yaradılıb, formalaşdırılıb və əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi də təmin edilib, hansıki bürokratik əngəllərin aradan qaldırılmasına öz töhfəsini də verib. Məhz 2012-ci il 13 iyul tarixində bu sahədə çox mühüm bir islahata imza atıldı və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Təbii ki, uzun illərdir həmin mərkəzlər uğurlu fəaliyyəti ilə cəmiyyətimizdə xüsusi nüfuz qaznıb və bu heç də təsadüfi deyil. Məsələ burasındadır ki, bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi olub.

Məişətdə, sənayedə və digər sahələrdə istifadə etdiyimiz hər şeyin elektronlaşması və internetə çıxış imkanının olması artıq dördüncü sənaye inqilabının başlanğıcı hesab oluna bilər. Onu da qeyd edək ki, əvvəlki sənaye inqilablarından fərqli olaraq dördüncü sənaye inqilabında dəyişikliklərin daha sürətli olacağı gözlənilir. Dördüncü sənaye inqilabı dövründə rəqəmsallaşma artacaq, ətrafımızdakı əşyaların internetə inteqrasiyası güclənəcək. Evdə və ofisdə nə varsa, hamısı internetə qoşulacaq və soyuducudan, qaz pilətəsinə, hamamdakı su isidicisinə qədər hər bir əşya internetə qoşula biləcək, hansıki elektron şəkildə idarəetmə sisteminə malik olacaq. Bütün bunlar ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişafının məntiqi nəticəsi deməkdir.

Bu da bir reallıqdır ki, artıq bəzi toqquşmalara gətirə biləcək məsələlər belə savaş yolu ilə, silah gücünə deyil, məhz informasiyanın, informasiya texnologiyalarının köməyi ilə öz həllini tapa bilir. Hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edə bilirik və artıq internet insan həyatında əvəzolunmaz rola malik olub. Azərbaycanın informasiya təhlükəsizliyini təmin edən əsas amillərdən biri, Azərbaycan, onun tarixi, mədəniyyəti, siyasi sistemi haqqında informasiyaları, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq çoxlu sayda yaradılmış veb-saytların və səhifələrin olmasıdır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdəndir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin təkcə sosial-iqtisadi həyatında deyil, bütün sahələrində öz təsirini, müsbət təsirini göstərməkdədir və iqtisadi rəqabətlə yanaşı, digər sahələrdə olan rəqabətə də informasiya və kommunikasiyaların təsiri göz önündədir. Hazırda bütün dünyada müşahidə edilən hərbi toqquşmalarda ölkələr təkcə silah gücünə qalib gəlmirlər. Məhz informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına üstünlüklər qazanılır. Biz bunun eyni zamanda 44 günlük Vətən müharibəsində də şahidi olduq və gördük. Gördük ki, yüksək texnologiyaların tətbiqi sayəsində qələbəmizi ən qısa zamanda əldə edə bildik. Etiraf edilməli və qeyd olunmalıdır ki, artıq bu sahədə Azərbaycanın təcrübəsi bütün dünya ölkələri tərəfindən öyrənilir, hətta tədris də edilir. Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, İkinci Qarabağ savaşının tez bir zamanda Azərbaycanın zəfəri ilə başa çatmasında əsas səbəblərdən biri də məhz ölkəmizin digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində də düşməndən dəfələrlə üstün olmasıdır.

Təkcə müharibə dönəmində deyil, müharibə bitdikdən sonra da ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi böyük vüsət almaqdadır. İşğaldan azad etdiyimiz ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi, öz yurd-yuvalarına qayıtması planlanlaşdırılan vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması, onların bütün xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi ilə “Ağıllı kənd” layihəsi də reallaşdırılır ki, bu da deyilənləri təsdiq edir. Təsdiq edir ki, sözügedən layihənin tətbiqi ilə kənd və şəhər arasındakı fərq faktiki olaraq aradan qalxmış olur ki, bütün bunlar məhz informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sayəsində reallaşır. Sözsüz ki, bütün bunlar ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin, elektron xidmətlər sahəsində dövlətimiz tərəfindən görülən işlərin, aparılan islahatların məntiqi nəticəsi kimi dəyərləndirilir. Bütün bunlar həm də onu göstərir ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı prioritet sahədir və bu sahəyə dövlətimizin diqqəti, qayğısı, eləcə dövlət dəstəyi var.

İnam Hacıyev

6.3.13. - "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə