Qarabağın iş imkanları bölgəyə nə vəd edir?

Uzun müddətdir işğal altında olan torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə çox sürətlə yenidənqurma, abadlıq işləri vüsət aldı. Yaşayış binaları, parklar, iaşə obyektləri, müəssisələr, zavod və fabriklər inşa edildi. Uzun müddətdir ki, Qarabağa köç başlayıb, Bakıda və ölkənin digər yerlərində məskunlaşmış məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Onların evlə təminatı uğurla aparılır, lakin maraqlıdır, geri qayıdan əhalinin iş imkanları nə qədər geniş olacaq? 30 ildən sonra Qarabağa qayıdan yerli əhali nə işlə məşğul olacaq?

Qarabağa nə qədər sakin qayıdıb?

Məlumat üçün qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunan ərazilərə indiyə qədər 6500 nəfər keçmiş məcburi köçkün köçürülüb. Köçürülən əhalinin işlə təminatında müəyyən addımlar atılır. Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə söhbətlər aparır.

Doğma yurdlarına köçürülən sakinlərin uyğun vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq artıq Ağalı kəndinin 200-dək sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 178 nəfəri Agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Həmin kənddə artıq 11 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər də verilərək kiçik təsərrüfatlar yaradılıb. Kənd sakinlərindən 21 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Böyük Qayıdış proqramı çərçivəsində Tərtərin Talış kəndində də sakinlərin məşğulluğuna dəstək tədbirləri görülür. Agentliyin mümayəndələri kəndə köçürülən ailələrlə görüşlər keçirib və təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. Bunun nəticəsi olaraq kəndin artıq 40-dək sakininin məşğulluğu təmin edilib. Onlardan bir qismi müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar. Digər mühüm məşğulluq istiqaməti kimi, kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Agentlik artıq 9 kənd sakinini özünüməşğulluq proqramına cəlb edilib.

Yeni iş yerləri açılıb

Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın və Füzuli şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilib. Növbəti mərhələdə sakinlərin 400-dən çox şəxsin münasib vakansiyalar üzrə işlə təminatı həyata keçirilib. Bir qrup şəxsin isə özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq.

Eyni zamanda, Dövlət Statistika Komitəsinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ötən ilin payızında 2023-cü ilin məhsulu üçün 210 min 478 hektar sahədə dən və yaşıl yem əkilib. Cari ilin yanvar-iyulunda adıçəkilən iqtisadi rayonlarının fermer və fərdi təsərrüfatları tərəfindən, ümumilikdə, 105 min hektardan artıq sahədə məhsul yığımı həyata keçirilib. Həmin sahələrdən isə 401 min tondan artıq dənli bitkilər yığılıb. Bununla yanaşı, bu ilin 7 ayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsərrüfatlarında 1043 ton dən üçün günəbaxan, 16 min 515 ton kartof, 165 min 816 ton tərəvəz, 51 min ton bostan məhsulları, eləcə də 21,3 min ton meyvə və giləmeyvə tədarük edilib.

Nəticə olaraq, 2023-cü ilin doqquz ayında Qarabağ İqtisadi Rayonunda 742 yeni iş yeri yaradılıb, ötən ilin eyni dövründə isə bu rəqəm 663 yeni iş yeri olub. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, bu, illik müqayisədə 79 yeni iş yeri (11,9%) çox deməkdir. Hesabat dövründə iş yerlərinin 105-i Ağcabədidə, 64-ü Ağdamda, 63-ü Bərdədə, 34-ü Füzulidə, 5-i Xocalıda, 46-sı Xocavənddə, 262-si Şuşada, 163-ü Tərtərdə yaradılıb. 2023-cü ilin iyunun sonuna Qarabağ iqtisadi rayonunda orta əməkhaqqı 594,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 645,1 manat təşkil edib. 2022-ci ildə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılıb.

600 min hektar torpaq əkilməyi gözləyir

Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək.

Ümumiyyətlə, proqnozlara əsasən, işğaldan azad edilən bölgələrimiz gələcəkdə 10 milyard manat gəlir formalaşdıracaq ki, bu da ümumdaxili məhsulun inkişafına təkan verəcək. Çünki həmin bölgələrin müxtəlif sahələr üzrə böyük iqtisadi potensialı var. Yəni, həm kənd təsərrüfatı, həm sənaye, həm də xidmət sektorları üzrə geniş imkanlar mövcuddur. Xüsusilə, azad edilən ərazilərin turizm potensialı olduqca böyükdür. Həmçinin, bu torpaqlar heyvandarlıq, meyvəçilik, bitkiçilik, emal sənayesi üzrə geniş imkanlara malikdir. Təkcə kənd təsərrüfatı üzrə 600 min hektar torpaq əkilib-biçilməyə hazırdır.

İşğaldan azad edilmiş ərazilərdə azad iqtisadi zonaların, aqroparkların salınması və fəaliyyəti həyata keçirilir. Əlavə olaraq, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, hava limanlarının salınması həmin bölgələrin ixrac potensialı və sahibkarlığın inkişafına xidmət edəcək. Bölgədə iqtisadiyyat inkişaf etdikcə, məşğulluq imkanları da yaranacaq, bu da yeni iş yerlərinin açılması deməkdir.

Qeyd edək ki, azad edilən ərazilərə köçürülən və işləməyən ailələrə 600 manat vəsait ödənilir, həmçinin orada fəaliyyət göstərən işçilərin təmin olunduğu məvacib digər bölgələrdə çalışanların əməkhaqlarına nisbətən daha çoxdur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə