Azərbaycan nümayəndə heyəti BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edib - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə keçirilən Vətəndaş Cəmiyyəti Konfransında iştirak edib. Bu barədə SİA-ya Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, BMT-yə üzv dövlətlərin rəsmi heyətlərinin, dünyanın aparıcı QHT-lərinin, beyin mərkəzlərinin, media qurumlarının, özəl şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə 2000 nəfərdən çox iştirakçı toplaşıb.

Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub. BMT-nin Baş katibi Antonio Quterreşin də BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak üçün Keniyaya gəlişi gözlənilir. İki gün davam edəcək konfransın əsas müzakirə mövzularından biri də qlobal iqlim dəyişmələridir.

Konfransda Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Nigar Hüseynova və digərləri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə