Xoşbəxt olmayan evlilik seçimdir, yoxsa imtahan? - EKSPERT RƏYLƏRİ

Bəzən evliliyin ilk illərində cütlüklər arasında müəyyən problemlər yaranır. Əgər xoşbəxt olmayan evlilikdə qalmağa davam ediriksə, bu bizim seçimimiz hesab olunur? Bəs, bu seçimi niyə edirik? SİA mövzu ilə bağlı sosioloq və psixoloq fikirlərini öyrənib.

Sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli: “İndiki gənclərin düşüncələrinə və hadisələrə yanaşma tərzlərinə baxanda adam dəhşətə gəlir. Evliliyin ilk dövründə cütlüklər, ailələrinin evliliklərində gördükləri, ətraflarında şahidlik etdikləri, oxuduqları kitablar və izlədikləri filmlərə görə xəyallarında evlilik həyatı gözləyirlər. Mükəmməl evlilik xəyalları “heç vaxt onlar kimi olmayaq” və ya “biz tam olaraq belə olmalıyıq” kimi planlarla qurulur. Ancaq evliliyin xoşbəxt sona çatacağına və bundan sonra da xoşbəxt yaşayacağınıza dair real olmayan gözləntilər evliliklərə böyük zərər verə bilər.

Bir-biri ilə daha tez-tez fiziki təmasda olan cütlüklərin daha xoşbəxt olduğu düşünülür. Həyat yoldaşlarına toxunmaqdan, əllərini tutmaqdan, onları qucaqlamaqdan və cinsi əlaqədə olmaqdan zövq alan cütlüklər evliliklərində özlərini daha yaxşı hiss edirlər. Cinsi əlaqəyə kifayət qədər əhəmiyyət verməyən cütlüklər bir-birindən uzaqlaşır və bu evlilikdə aidiyyət hissinin azalmasına səbəb olur.

Evliliyin uzun bir yol olduğunu unutmayan və zaman-zaman enişli-yoxuşlu yollardan keçmək məcburiyyətində qalacağını bilən cütlüklər, evliliklərinin sonrakı illərinə təsir edəcək səhvlərə yol verməməyə diqqət etməlidirlər. Münaqişə zamanı partnyorunuzun qəlbini qırmamaq üçün böyük sözlər söyləməmək, tənqid etməmək və aranızda olan hörməti itirməməyə diqqət etməlisiniz. Münaqişələrini həll edə bilən, bir-biri ilə keyfiyyətli vaxt keçirə bilən, flört edə bilən, səydən əl çəkməyən, maddi və cinsi birliyə sahib olan cütlüklərin daha sağlam əlaqələri olur”.

Psixoloq Günel Allahverdiyeva: “Hər kəs ailə qurduqda xoşbəxt olmaq istəyir. Xoşbəxt ailə sağlam cəmiyyətin təməlidir. Hər bir fərd ayrılıqda cəmiyyət üzvü olaraq onun inkişaf etməsində və ya əksinə, inkişafının ləngiməsində müəyyən rol oynayır. Lev Tolstoy deyir ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.

Xoşbəxt evlilik və düzgün münasibət üçün partnyorun doğru insan olub-olmamasına əmin olunmalıdır. Həyatınıza girən biri ilə çətinlik çəkmədən, asanlıqla söhbət edə bilməlisiniz. Onunla vaxt keçirməkdən bezməməli, danışmaqdan zövq almalısınız.

Bəzən müəyyən müddətdən sonra ailələrdə müəyyən problemlər yaranır və bu problemlər qadın və kişinin xoşbəxt olmamasına səbəb olur. Xoşbəxt olmayan evliliklər hal-hazırki dövrdə daha çoxdur. Cütlüklərin evləndikdən sonra xoşbəxt olmaması həm onların həyat keyfiyyətlərinin aşağı düşməsinə səbəb olur, həm də uşaqların gələcəkdə müxtəlif psixoloji problemlərə sahib olmasına gətirib çıxarır.

Digər bir problem isə evlilikdən sonra tərəflərin həyat tərzlərini böyük ölçüdə dəyişdirməsi, fərqli xarakterlərə sahib olmaları və ya bir-birinə laqeydlik göstərmələri ailədə münasibətlərin pozulmasına səbəb olur.

Buna görədə hər bir şəxs ailə qurarkən evliliklə bağlı özünüzə verməli olduğu müəyyən suallar var. Bu suallara aiddir:

• Özümü tanıyırammı?
• Evlilik üçün özümü hazır hiss edirəmmi?
• Bu insan evlilik üçün yetkin biridirmi?
• Xarakterimizdə uyğunluq varmı?
• Qarşılıqlı sevgi, hörmət və sədaqəti təmin edə biləcəyikmi?
• Bu insan mənim yaxşı və pis günümdə yanımda olacaqmı?
• Həyata fərqli tərəfdən baxıb ortaq bir məxrəcə gələ bilərikmi?

Xoşbəxt olamağın ən gözəl yolu sahib olduğun ailənin dəyərini bilmək, onu hər şeydən qorumaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə