Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərdəndir – TƏHLİL
Hər bir ölkənin, hər bir cəmiyyətin, xalqın inkişaf göstəricisi, ilk növbədə, uşaq və gənclərin fiziki və mənəvi inkişafından başlayır. Ona görə ki, ölkənin, cəmiyyətin gələcəyi məhz uşaq və gənclərdən, onların fiziki və mənəvi inkişafından asılıdır. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ulu Öndər Heydər Əliyevin bu reallığı, bu həqiqəti daha aydın şəkildə ifadə etməsi təsdiq edir ki, Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi zamandan etibarən gənclər siyasətinə böyük önəm verilib və gənclər siyasətinin əsas istiqamətləri də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti hazırda cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, dövlət rəhbərimiz uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır və bu kontekstdə mühüm tədbirlər görülür. Eyni zamanda, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımların atılması, görülən işlər onu deməyə əsas verir ki, bu sahə ölkəmizin əsas prioritetlərindəndir.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı qəbul edilən bir sıra sənədlər, məsələn, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam bu sahəyə diqqətin bariz nümunəsidir. Elə bu diqqət və qayğı sayəsində Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində sayılb-seçilən, nüfuzlu universitetlərində təhsil alır, təhsilini başa vurduqdan sonra layiqli mütəxəssis olaraq ölkəyə geri dönürlər. Belə gənclərin sayı minlərlədir və bu gün onlar məhz dövlətin qayğısı sayəsində belə bir imkandan yararlana bilirlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, dövlətimizin diqqəti, qayğısı artıq öz bəhrəsini verməkdədir və Azərbaycan gəncliyi artıq beynəlxalq aləmdə seçilməyə başlayıb. Gəncliyimiz dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında da yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığının xeyli genişlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayının artmaqda davam etməsi də təsadüfi deyil. "Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı kimi beynəlxalq gənlər platformalarının təşəbbüskarı, eləcə də təsisçisinin Azərbaycan gəncliyi olması ölkəmizin apardığı gənclər siyasətinin uğurlu nəticələr verdiyini təsdiq edir və hər birimiz bununla qürur duyuruq.
Sözsüz ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafında ilk rolu ailələr oynayır, çünki cəmiyyətdən öncə onlar ailə tərbiyəsi görürlər. Bu baxımdan, ailələrin öz övladlarına, uşaq və gənclərə doğru, dürüst, sağlam tərbiyə verməsi gərəkir. Sevindirici haldır ki, öz milli-mənəvi dəyərlərinə sadiq qalan Azərbaycan xalqı xüsusilə ailə dəyərlərini hər zaman qoruyub və yenə də qorumaqdadır. Öz ailəsi tərəfindən vətənpərvərlik ruhunda tərbiyə alan uşaq və gənclərimiz cəmiyyətdə də özünü layiqincə təmsil edə bilir və istər fiziki, istərsə də mənəvi cəhətdən inkişafına əsaslı zəmin yaranır. Elə ona görə də milli-mənəvi dəyərlərə söykənən ailə dəyərlərimizin bundan sonra da qorunması çox vacib şərt, vacib məqam hesab olunmaqdadır.
“Sağlam bədəndə sağlam ruh olar”, zərb məsəli də bu məqamda tam yerinə düşür. Uşaq və gənclərin fiziki baxımdan inkişafı da əsas şərt hesab olunur. Gənclərimizin fiziki hazırlığı, sağlam böyüməsi önəmli faktordur. Bu baxımdan, dövlətimiz gənclərin fiziki hazırlığına xüsusi diqqət ayırır. Təkcə paytaxt Bakıda deyil, ölkəmizin istənilən bölgəsində idman komplekslərinin tikilib istifadəyə verilməsi bu mənada heç də təsadüfi hesab olunmur. Əvvəla ona görə ki, gənc nəslin daha sağlam, fiziki cəhətdən daha güclü yetişməsi üçün idmanın rolu danılmazdır və məhz bu baxımdan idmanın inkişafına ölkəmizdə xüsusi önəm verilir, diqqət yetirilir. Uşaqların, eləcə də gənclərin hərtərəfli inkişafında idman çox yüksək rol oynadığı kimi, dövlətin gələcəyi, güclü dövlət də məhz fiziki cəhətdən sağlam gəncliyin yetişməsindən asılıdır. Güclü dövlətlərdə idman sahəsinin inkişaf etməsi də görünür təsadüfi deyil. Diqqət etsək görərik ki, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlər, həm də idman sahəsində dünyanın qabaqcıl ölkələrindəndir.
Əlbəttə ki, beynəlxalq səviyyəli idman yarışlarında ölkəmizin bayrağının dəfələrlə yüksəyə qaldırılması, idmançılarımızın uğurları, qələbələri, vətənə medalla qayıtmaları onu deməyə əsas verir ki, idman sahəsində böyük yüksəlişə nail olunub. Heç şübhəsiz ki, bütün bunlar səbəbsiz deyil və ölkədə olimpiya idman komplekslərinin, idman zallarının inşası, bir sözlə idman sahəsinə, uşaq və gənclərin fiziki tərbiyəsinə dövlət qayğısı sayəsində reallaşıb. Tamaşaçı tutumu 70 min nəfər olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, həmçinin, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin, idman sahəsinə dövlət qayğısının bariz nümunəsidir.
Bu gün əminliklə deyə bilərik ki, uşaq və gənclərimizin gələcəyi, uşaq və gənclərin fiziki və mənəvi inkişafı etibarlı əllərdədir. Ona görə etibarlı əllərdədir deyirik ki, əvvəla, xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan gənclər siyasəti dövlətimiz tərəfindən uğurla davam etdirilir. Digər tərəfdən də uşaq və gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Hətta bundan sonra da, gələcəkdə də gənclərin və uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi istiqamətində daha uğurlu addımların atılacağı təkzib edilə bilməz, çünki həqiqətən də gənclər bizim gələcəyimizdir.
Müəllif: İnam Hacıyev
6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB