Yazıçı, jurnalist və publisist - Səyavuş Süleymanlı 75

Yanvar ayının 6-da tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Səyavuş Süleymanlının 75 yaşı tamam olur. O, bizim bölgədə yaşayan yaradıcı insanlarımızdandır. Səyavuş müəllim Lənkəran rayonunun Liman şəhərində yaşayır. Həm də çox məhsuldar yazıçı, jurnalist və publisistdir.

Səyavuş Süleymanlı hələ orta məktəbdə oxuduğu illərdən bədii yaradıcılıqla məşğul olub. Bu vaxta qədər iki bədii-publisist kitabı nəşr olunub. Bunlar çox qalın kitablardır. İkisi bir yerdə 1000 səhifədən ibarətdir və hər iki kitabı Limanın keçmiş tarixinə və bu gününə həsr olunub. Amma hələ ki, Səyaviş Süleymanlının bədii kitabları çap olunmayıb. Özünün dediyinə görə nədənsə, bu barədə heç fikirləşməyib. Ancaq ədəbi yaradıcılığına daxil olan roman, povest, hekayə, pritça, esse, elegiya, kinoşünaslıq və musiqişünaslıqla bağlı bütün yazıları dərgi və qəzetlərdə, saytlarda çap olunub və indi də çap olunur. Bunlar: iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general mayoru Həzi Aslanovun döyüş yolundan bəhs edən “Tale yolu”, “Məhəbbət abidəsi” və “Səksəkə” romanları. “Burda bir qız yaşardı...”, “Nur”, “Könül əfsanəsi”, “Ramanalı Yaşar”, “Sevgi olarsa...” ,“Sən hardasan, Şerlok Holms?”, “Məhəbbət göz yaşı imiş...” povestləri, “Güleyşə”, “Nuruşun xoruzu”, “Hamam əhvalatı”, “Adıbəyin dünyası”, “Mamu”, ”Fəti müəllim”, “Unuda bilmirəm”, “Əhməd”, “Çaşqınlıq”, “Ən böyük yalançı-Paşik”, ”Xoroşiy”, ”Alma oğruları”, “Meyvəsiz bağ”, ”Ölüm kabusu”, “Gözlüklü ilan əhvalatı”,”Kərəmin əhvalatları”, “Qulaq sırğacıq əti”, “Şərab” və daha onlarla başqa hekayələri ayrı-ayrı qəzetlərdə, jurnallarda, saytlarda, dərgilərdə çap olunub. Kinoşünaslıqla bağlı çoxlu publisist yazıları, musiqi aləmi ilə bağlı çoxlu məqalələri, oçerkləri çap olunmaqla böyük oxucu marağı qazanıb.

Biz də çoxminli oxucularımız adından Səyavuş Süleymanlını 75 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlı, yaradıcılıqda daha böyük uğurlar arzu edirik. Onun “Adıbəyin dünyası” hekayəsini çoxminli oxucularımıza təqdim edirik.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

SƏYAVUŞ SÜLEYMANLI

Adıbəyin dünyası

(Hekayə)

Bu balaca şəhərdə Adıbəyi tanımayan yoxdu. Çoxları onu kefcil kimi tanıyırdı; bir çoxları onu əyyaş kimi qələmə verirdi; bir çoxları da onu heç adam yerinə qoymurdu. Amma ona qiymət verənlər də vardı. Bunlar tək-tək adamlar idi.

Niyə Adıbəyə münasibət belə pis idi? Ona görə ki, Adıbəyin pulu yoxdu. Kasıb oğlandı. Bir həsirdi, bir də Məmmədnəsir. Qismətində heç pulu olmamışdı da. Elə belə sürünürdü özüyçün. Kim ona iş buyursaydı ürəklə işləyərdi. Bəziləri deyərdi ki, zalım balası işləyərkən lap “zverdir”. İşləməyə başladı ki, qurtardı getdi, axıra çıxartmalıdır. Ancaq di gəl ki, içkisindən də qalmırdı. O gün olmazdı ki, içməsin. İçmək deyəndə, elə bilərsiniz ki, şərbətdən, şirədən, nə bilim daha nədən və nələrdən içirdi Adıbəy. Yox, canım, Adıbəy keçmişdə İttifaqın istehsal etdiyi bütün spirtli içkilərdən içmişdi. Həmişə də deyərdi: “Xoş o günlərə. Bir taraş vurardım, dünya heç vecimə olmazdı mənim. Onda biz ancaq arağı tanıyardıq. Rus “Vodka”sının misli-bərabəri yoxdu. “Oteçestvennıy” içənlərdən çox az bir qismi by dünyada qalıb. Barmaqla sayılanlar qalıb. Çoxları da dünyalarını dəyişib. Onlar həmişə təmiz araq içərdilər”.

Adıbəyin özü kimi bir dostu da vardı, Müti deyərdilər. O da həmişə içərdi, ancaq nənəsinə içməyini bildirməzdi. Axır ki, günlərin birində məhəllənin qonşu arvadları Mütini şeytanlayırlar. Nənəsinə deyirlər ki, Müti hər gün ərağ, yəni araq içir.

Nənəsi bərk qəzəblənir, Mütinin yolunu gözləməyə başlayır. Nəhayət, Müti lül-qənbər evə gəlir və nənəsinə nəvaziş göstərmək istəyəndə o, qəzəbindən Mütini əlindəki heyva çubuğu ilə vurmağa başlayır və qışqırır:

-Sən, deməli, ərağ içirmişsən, əbləh! Qonşu arvadlar mənə deyəndə inanmağım gəlmədi. Amma indi şəkk-şübhədən çıxdım. Boynuna al, Müti, yoxsa bu heyva çubuğu ilə kürəyində zolaqlar qoyaram.

Müti görür ki, yaman yerdə ilişib. Odur ki, kələk işlədib başlayır nənəsinə yalvarmağa:

-Ay nənə, vallah-billah sənə yalan deyiblər. Mən bu yaşa qədər ərağ görməmişəm. Adını eşitmişəm, ancaq özünü içməmişəm. Nənə, mən ərağ yox, “Vodka” içmişəm, indi də içirəm, gələcəkdə də içəcəyəm.

Nənəsi deyir:

- Müti, onda and iç ki, ərağ içmirsən.

Müti dizlərini yerə qoyub and içir:

- And içirəm, nənə, hamımızın canına and içirəm ki, mən ərağ deyil, ancaq “Vodka” içirəm.

Nənə:

- İndi kül tökəcəyəm qonşu arvadların başına. Ona görə ki, sənə böhtan atırlar, “Vodka” əvəzinə ərağ deyirlər.

Adıbəy bilirdi ki, konyak kübar içkisidir, odur ki, ona meyl etməzdi. İndi isə o qədər içki növləri vardı ki, heç adlarını da yadda saxlamaq olmurdu. İçənlərin sayı tükənib, ona görə ki, indi narkomanlar meydan sulayır. “Heyf deyildi “Andropovski” arağı. Həm ucuz, həm sərfəli, yoxsa, indiki araqlar kimi…Bər-bəzəkli görünüşləri var, içəndə isə nöyüt iyi verirlər”, - Adıbəy belə düşünürdü.

O vaxtdan Adıbəy qurşanmışdı “napitok”a. Deyirdi ki, içkilərin içərisində təmizi elə budur: heyvadan hazırlanıb, həm keyf verəndir, həm hal-əhvalı düzəldəndir, həm də ucuzdur.

***

Heç kimə toxunmazdı Adıbəy, heç kimin işinə də qarışmazdı, çox dinc adamdı. Ancaq bir pis xasıyyəti vardı ki, tez küsəndi, həm də çox kövrəkdi. Birindən incisəydi əgər dədəsi də qəbirdən çıxıb dirilsəydi, fikrindən dönməzdi. Vaxtikən ali təhsil də almışdı. İnşaat mühəndisi kimi özünü yaxşı cəhətdən tanıtdırmışdı. Yaxşı

da işləmişdi. Amma bunların hamısı keçmişdə-arxada qalmışdı. İş elə gətirdi ki, fələk güclü oldu, Adıbəy isə gücsüz. Bir vaxt baxıb gördü ki, iş-işdən keçib, olub alkoqol. Artıq fələk öz işini görmüşdü. Axı fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədir. Amma Adıbəyin çiynində fələyin başqa bir yükü vardı. Bu yük onu həyatda əymişdi, üzmüşdü. Özü də bilmirdi ki, bu, nə möcüzədir.

Adıbəyin boyu çox uzun idi. Lap məşhur ulduz basketbolçuların boyu kimi. Uzun boylu Adıbəy normal adamların yanında dayananda lap gülünc görünərdi. Ən maraqlısı o idi ki, Adıbəyin dostlarından biri boyca gödək, ikincisi isə ortaboylu idi. Hər üçü yanaşı dayananda adamı uğunmaq tutardı. Andropov dövründə-araq qıtlığı düşən vaxtlarda dostlar dadanmışdılar molakan Sergeyin evinə. Deyim niyə? Çünki molakan Sergeyin böyük üzüm bağı vardı və həmin üzümdən də tünd çaxır qayırırdı. Müştərilər də evə gələrdilər. Adıbəy də öz dostları ilə-Qara və Müti ilə hər axşam Sergeygilə gələr, nisyə çaxır içər, Sergey də qapının çərçivəsinə təbaşirlə borcların sayı olaraq hər birisi üçün borcun məbləğini qeyd edərdi. Lap Mirzə Cəlilin “Saqqallı uşaq” hekayəsindəki kimi.

Bir dəfə Adıbəy gördü ki, onun borcu çoxalıb, boyu bərabəri olub-çərçivənin yuxarısına çatıb. Tez kürəyini borclarının üstünə qoyub nimdaş paltosu ilə çərçivədəki təbaşirlə yazılmış borclarını pozdu. Çox hündürboy olduğundan rəqəmlər pozulmuş, Qara və Mütinin borcları ilə bərabərləşmişdi. Sonradan borclarını ödəyərkən yaxşı ki, molakan Sergey bunu hiss etmədi. Yoxsa, bir mərəkkə qoparardı ki, gəl görəsən.

***

Bir dəfə Adıbəy ilə Qara rayon mərkəzinə gedibmişlər. Gərək ki, köhnə pulun (Qızqalanın) vaxtları imiş. Cibləri də boşmuş. Boşmuş deyəndə ki, bir qə-

dər qəlyanaltı etməyə, bir qədər də yol getməyə pulları qalmışmış. Necə deyərlər, boş torbayla at tutmağa çıxmışdılar, amma özləri də bilirdilər ki, böyük tikə axtarmırlar. Çünki böyük tikə həmişə boğaz yırtar.

Evə getmək ərəfəsində yeyib-içmək fikrinin ideyasını da Adıbəy özü vermişdi. Odur ki, cibində olan-qalan qəpik-quruşu da Qaraya verib dükana göndərir, o da bir azdan pencəyinin astarının içərisinə soxduğu “Napitok”la qayıdıb Adıbəyin üzünə xoşhallıqla gülümsəyir. Sonra da qəlyanaltı yeri axtarırlar ki, oturub bir qədər dərdləşsinlər. Birdən bir evin altında “Qəlyanaltı” yazılmış lövhə görürlər. Pəncərəyə yapışdırılmış “Borş-500 man” yazısını görüb dərhal içəri girib stula əyləşirlər. Soruşurlar ki, pəncərəyə yapışdırılmış qiymət etigeti həqiqidir, yoxsa, elə belə vurulub. Qəlyanaltı sahibi baxır bunlara, bir söz demədən iki borş gətirir, bir qədər çörək və göyərti də üstündə.

-Nuş olsun! Bir kasa borş bir Nizamiyə, yəni 500 manatadır, dadaşım-deyib iki təraş stəkanı da düzür stolun üstünə.

“Əhsən buna, başa düşənmiş.”-ürəyindən keçirir Adıbəy.

Adıbəy baxır borşa, görür dənindən daha çox suyu çoxdur, qaşığı bir-iki dəfə borşun içində qarışdırdıqdan sonra nəhayət, orada bir danqa ətsiz sümük tapıb qəlyanaltı sahibini yaxına çağırır.

-Qardaş, borşu neçiyə verirsən?

-Bayaq dedim də bir Nizamiyə, dadaşım.

-Çox gözəl! Ət ilə birlikdə, eləmi?

-Bəli, içindəki ət ilə, dadaşım.

-Atan rəhmətlik, bax, özün də görürsən ki, kasada ət yoxdur, ancaq içində danqa sümükdür. Dostumun kasasının içində də danqa sümükdür. İnanmırsansa özün bax.

Qəlyanaltı sahibi qaşqabağını tökdü.

-Görürəm, kor deyiləm. Yaxşı, bununla nə demək istəyirsən?

Adıbəy qalib gəldiyinə sevindi.

-Deməyim odur ki, sənə borşun pulunu 300 manatdan verəcəyəm, çünki borş ətsizdir. Razısan?

-Nə deyirəm, vallah, qoy siz deyən olsun, dadaşım.

-Onda hərəmizə yenə bir kasa ətsiz, sümüklü borş gətirərsən.

Qəlyanaltı sahibi başını bulaya-bulaya getsə də, Adıbəy bu qələbədən çox məmnun olur.

Bir xeyli oturduqdan sonra Adıbəy Qara ilə “Napitok”u son damlasına qədər içib avtobusla evə pulsuz-parasız qayıdırlar. Çünki yol pulu saxlamamışdılar.

Beləcə, Adıbəy öz dünyasını özü bildiyi tərzdə yaşayırdı və beləcə, ömrünün əlli ili də hiss olunmadan əriyib yox olurdu, ömür-gün keçirdi. Adıbəy isə bu yaşa qədər evlənməmişdi. Heç evlənmək fikri də yoxdu. Arvadı dolandırmaq asan iş deyildi. Adıbəyin fikrincə bu, çox uzun məsələ idi.

Evdə tək olurdu Adıbəy. Atasından qalma köhnə bir daxmada yaşayırdı. Ətrafındakı qonşular isə özlərinə yaraşıqlı evlər tikdirmişdilər. Bu köhnə daxmacıq ümumi mənzərəni pozsa da, məhəllə adamları Adıbəyin kasıb olduğunu və evlənmək istəmədiyini bildiklərindən onu yeni ev tikməyə də həvəsləndirmirdilər. Valideynləri o, hələ uşaq ikən dünyalarını dəyişmişdilər. Onun-bunun qapısında böyümüşdü Adıbəy. Aclıq çəkdiyi gözlərinin altına çökmüş bozumtul kölgədən hiss olunurdu. Adıbəy taleyindən heç şikayətlənməzdi. Taleyindən şikayət edənləri də sevməzdi. Onları aciz adlandırardı.

-Əşşi, Allah-taala qol verib, ayaq verib, baş verib, ağıl verib, düşüncə verib. Kim üçün verib? İnsan üçün, əlbəttə, insan üçün verib. İnsan isə dünyaya bir dəfə gəlir. O,dünyanın bəzəyidir, dünyanın ən böyük əşrəfidir. Kim bu anlayışı düzgün qəbul edirsə, o, həyatda addımını düz atır, büdrəmir. Ancaq mənimkimilər isə bu anlayışı dərk etmək istəmirlər və qəbul etmirlər. Çünki bizlərin öz anlayışı, öz dünyaları var. O dünya həmişə bizi öz arxasınca sürükləyir. Bəs hara aparır bizi? Heç özümüz də bilmirik hara aparır. Bəli, öz arxasınca aparır, biz də elə hey gedirik, sonu da görünmür bu yolun… Çarəsini də tapa bilmirik.

***

Gərək ki, beş il öncənin əhvalatı idi. O zaman qəsəbədə bələdiyyə seçkiləri keçirilirdi. Adamlar dəstə-dəstə seçki məntəqələrinə axışırdılar. Hərənin istədiyi bir namizədi vardı. Bircə Adıbəyin namizədi yoxdu. Guya ki, Adıbəy səs verməsəydi, görəsən nə olacaqdı? Dünya dağılmayacaqdı ki…

Başqa vaxtlar Adıbəy də həmişə öz seçimini aparardı. Ancaq hal-hazırda onu maraqlandıran araq idi, içmək idi və onu necə əldə etmək məsələsi idi. Dükançı Elmar da bu gün ona demişdi ki, köhnə borclarını qaytarmasa, dükanın həndəvərinə fırlanmasın. Yaxşı, bəs Adıbəy nə etsin? Nə kül töksün başına bu bədbəxt?

Əlləri möhkəm əsirdi Adıbəyin, başı da fırlanırdı. Bircə yol qalırdı: seçkidə nahar fasiləsini gözləmək.

Evə gedib şəxsiyyət vəsiqəsini götürdü və ləngər vura-vura səsvermə məntəqəsinə tərəf üz qoydu getməyə. Çünki həmişə görmüşdü ki, bu vaxtlar məntəqə seçki komissiyasının üzvləri qəsəbədə pullu-karlı Samit Ələsgərli ilə birlikdə nahar fasıləsinə çıxırlar. Bu fürsəti əldən buraxmaq olmazdı. “Əgər Samit Ələsgərli orada olsa, bəlkə məni bir taraş arağa qonaq etdi. Onun üçün bir taraş araq nədir ki… Bayramdır da…”

Bu ümidlə addımlarını yeyinlətdi Adıbəy. Elə bil ki, əlçatmaz arzularının astanasında idi, bu arzulara çatmaq üçün o, əlini irəli uzatsa da, onlar kənar bir qüvvənin təsiri ilə nəhayətsiz bir ənginlikdə ərşə çıxırdı.

Adıbəy məntəqəyə çatanda içəridə çox qələbəlikdi. Burada Adıbəyə heç məhəl qoyan da yoxdu. O tərəfə-bu tərəfə göz gəzdirdi, yenə də ona məhəl qoyan olmadı. Fikirləşdi ki, bayırda bir qədər gözləsin, ara sakitləşəndə yenə də bir “popıtka” eyləyər.

Adıbəy bir azdan bir dəfə də içəri girdi. Gördü ki, yenə ona baxan yoxdur. Yenə çıxdı çölə, gözləməyə başladı. “Bu əlim də yaman əsir. Başım da heç yerində durmur. Bu Samit Ələsgərli harada qaldı axı?”-özünə sual verdi Adıbəy.

Nəhayət, məntəqədəki seçicilərin gediş-gəlişi azaldı və bir azdan tamam kəsildi. “Hə, deməli, nahar fasıləsi başladı. Bir gedim görüm bunlar harada qaldılar”- deyib Adıbəy sonuncu dəfə səsvermə salonuna daxıl oldu, ancaq burada heç kim yox idi. Yenə bayıra çıxdı, oradan da pilləkənlə yuxarı qalxıb qapını açdı. Samit Ələsgərlini burada tapdığına çox sevindi, otaqdakı araq iyi də burnunu qıcıqlandırdı. Bir anlığa gözləri xumarlandı, elə bil gözlərində həyat eşqi cilvələndi. Ona elə gəldi ki, ümid yuvası kimi axtardığı dünya buradadır. Burada kimlər yox idi?!

Samit Ələsgərli məclisin yuxarı başında əyləşmişdi. Bir xeyli adam da oturub yeyib-içirdilər. Süfrədə nələr yoxdu…can dərmanı-nə desən vardı.

Adıbəyin dodaqları sulandı, boğazını arıtladı. Başını qapıdan bir qədər irəli uzadıb dedi:

-Salam, Samit müəllim! Səs verməyə gəlmişəm.

Samit Ələsgərli əsəbi bir nəzərlə Adıbəyi süzüb əda ilə dedi:

-Əcəb eləmisən, Adıbəy, get səs ver!

-Axı səsvermə salonunda heç kəs yoxdur.

-Onda gözlə, fasilədən sonra gəlib səs verərsən!-Samit Ələsgərli Adıbəyi başdan eləməyə çalışdı.

Adıbəy yenidən “ümid körpüsü”nə sarıldı və dedi:

-Samit müəllim, deyirəm ki, səs verməzdən qabaq bir yüz əlli qram araq ilə boğazımı islatsaydım pis olmazdı axı… Bir təraş araq bəsimdir, canın üçün.

Samit Ələsgərli hövsələdən çıxdı.

-Get-get, Adıbəy, sonra gələrsən, işimiz-gücümüz başımızdan aşır.

Adıbəy bərk tutuldu. Sinirləri qurudu. Elə bil ki, kim isə onu “ümid körpüsü”ndən başı aşağı buraxdı, hələ üstəlik yanına da bir təpik ilişdirdi. Heç gözləmirdi bunları Adıbəy. Başını bayıra çıxarsa da, ani olaraq fikirləşdi ki, bəlkə bir də-sonuncu dəfə “popıtka” eləsin. Elədi də. Başını qapıdan yenidən içəri salıb:

-Samit müəllim, mən ölüm. Bircə taraş…

Samit Ələsgərli:

-Ə, qanmazın biri qanmaz, get də, başımızı aparma da!-deyib, Samit Ələsgərli sifətini turşutdu.- O qapını bağlayın ki, bu cür qanmazlar bizə mane olmasınlar. Hə, əziz dostlar, bu badəni də qaldıraq xeyirxah, alicənab, insan qədrini bilən mərd insanların sağlığına!

Araq dolu stəkanlar bir-birinə dəydi, son qurtumunadək içilənədək Adıbəy onları süzdü və əllərinin əsməyi bir qədər də şiddətləndi. Az qala səndirləyib yıxılacaqdı. Suyu süzülə-süzülə bayıra çıxdı. Lap yazıqlaşdı Adıbəy. Nə qədər özünü aşağıladığını axır ki, başa düşdü. Pərtliyindən yerə çöməlib bir xeyli fikirləşdi. Oturduğu səki daşı nəm olsa da, onun içindəki alova təsir göstərə bimədi. Əlləri əsə-əsə cibindən əzilmiş “Astra” siqaretini çıxarıb o tərəfinə-bu tərəfinə sığal çəkib kibriti yandırdı. Titrək barmaqları arasından siqaret yerə düşdü. Sonuncu siqareti olduğu üçün Adıbəy tez onu yenidən götürüb tozunu sildi və dodağına apardı. Dərin bir qüllab vurub tüstünü içərisinə çəkdi. Yenə də yanğısı sönmədi. Birdən siqaretini barmağı ilə söndürüb boş siqaret qutusuna qoydu və səsvermə salonuna daxil oldu.

İçəridə heç kəs yox idi. Tam sakitlik hökm sürürdü. Çünki hamı Samit Ələsgərli ilə yemək-içməkdə idilər. Seçicilərin siyahıları da stolun üstündə qalmışdı. Adıbəy hər üç imzalı siyahıları qatlayıb nimdaş pencəyinin araq qoymaq üçün özünün tikdiyi iri qoltuq cibinə dürtüb, bir anda oradan uzaqlaşdı.”İndi düşərsən dalıma, Samit Ələsgərli! Məni arağa tamarzı qoydun, şişirtdin, cızdığımı çıxartdın".

***

“Nahar fasiləsi”ndən sonra seçki məntəqəsi (əslində nahar fasiləsi yox idi) öz işini davam etdirərkən birdən məlum oldu ki, seçicilərin siyahıları yoxa çıxıb.

Gəzdilər, aradılar, ancaq siyahıları tapa bilmədilər. Xəbər gedib Samit Ələsgərliyə çatdı. Onun tikəsi boğazında qaldı. “Ey dadi-bidad, camaat necə səs verəcək?! İmzalarını hara atacaqlar?”

Təxmini başa düşdü ki, bu zərbə ona Adıbəydən dəyib. Niyə axı? Nə üçün məhz Adıbəydən? Niyəsi yox idi ki... Görünür, ona araq verməməkdə səhvə yol vermişdi. Yoxsa, belə bir iş baş verməzdi. Yəqin Adıbəy ondan hayıf çıxırdı. Tez maşınla Adıbəyin evinə adam saldırdı. Bu da faydasız oldu. Şəhərin çox adamlarını Adıbəyin qapısına göndərdilər. Ancaq hamısı Adıbəyin evindən boş qayıtdı. Pul təklif etdilərsə də, bir qutu araq gətirdilərsə də, bir faydası və nəticəsi olmadı. Axırda çar-naçar qalıb, məktəbin ağsaqqal müəllimi, təqaüddə olan Camal Qafarlını Adıbəygilə göndərdilər. Samit Ələsgərli özü polisləri bu işə qatmırdı ki, səs-küy yuxarılara çatmasın, yoxsa, dərisinə saman yeridərdilər. Samit Ələsgərli bunları çox gözəl başa düşürdü, odur ki, bu məsələni sakitcə həll etmək istəyirdi. Çünki bu işdə öz günahının böyük olduğunu dərk edirdi. Ən əsası isə o, seçki məcəlləsinin qanunlarını kobudcasına pozmuşdu.

***

Adıbəy çarpayıda uzanmışdı. Açıq pəncərədən bayırda Camal müəllimi görən kimi özünü itirib dodağındakı sonuncu siqaretini ovcuna sıxdı. Hiss etdi ki, yanan siqaretin közü ovcunu yandırır, ancaq səsini çıxartmadı, qapıya gedib müəllimini qarşıladı, hörmətlə onun əlindən öpdü, Camal müəllimin qoluna girib otağa dəvət etdi, ona əyləşmək üçün yer göstərdi.

Camal müəllim yerini rahatladı, bir az ordan- burdan söhbət edəndən sonra əsil mətləbə keçəndə Adıbəy bic-bic müəlliminə baxıb başını buladı və dedi:

- Camal müəllim, mən ölüm, düz tapmışam, ya yox?

- Nəyi, bala?

- Sizi də göndəriblər ki, səsvermə siyahılarını verim. Hi-hi-hi..! Düzdür, müəllim, mən ölüm, düz tapmışam?

Camal müəllim papağını çıxarıb, başının tərini sildi, xəcalətindən qızardı, məcbur olub keçmiş şagirdinə əsil həqiqəti danışdı.

- Elədir, Adıbəy, siyahılara görə gəlmişəm. Bu gördüyün iş yaxşı iş deyil, özün çox yaxşı bilirsən, nəticəsi çox pis ola bilər, bala.

- Hi-hi-hi..! Camal müəllim, mənə dərs deyən vaxtlar bilmədiyim teoremlərə görə o qədər qulağımın ardına yağlı şillə vurmusuz ki, qorxuram siyahıları verəm, yenə də qulağımın ardına o yağlı şillədən vurasınız.

Onlar ikilikdə bir xeyli gülüşdülər...

- Adıbəy, səninlə bir yerdə gedəcəyik. Sən məni parkda gözləyərsən. Siyahıları Samit Ələsgərliyə təhvil verib səni qonaq edəcəyəm.

- Yox, müəllim, sənin pulun halal puldur. Onsuz da bazara görə pulunuzu bu aydan o biri aya kimi zorla çatdıra bilirsiniz.

- Dəxli yoxdur, Adıbəy, sən bu gün mənim qonağım olacaqsan. Etiraz etmə.

Adıbəy siyahıları gətirib qocaman müəlliminə verəndə dedi:

-Camal müəllim, mən ömrümün sonunadək sizin borcunuzdan çıxa bilmərəm. Mənim elm qazanmağımda haqqınız böyükdür. Ancaq siz istəyən adam olmadım. Siz allah, bağışlayın məni. Mən nəyəmsə, buyam. Göründüyüm kimiyəm. Bir qədər həyat məni köntöyləşdirib. Ancaq mən də insanam. Məni də

başa düşmək lazımdır. Samit Ələsgərli araq içə bilər, kabab yeyə bilər, mən isə yox...Samit Ələsgərli içəndə yaxşı olur, heç kim ona bir söz demir, ancaq Adıbəy içəndə hamı ona iki gözlə yox, iki göz də borc alıb dörd gözlə baxır. Bəs niyə belə baxırlar axı? Ona görə ki, Adıbəyin pulu yoxdur, kasıbdır, ancaq Samit Ələsgərlinin isə pulu o qədərdir ki, kötüycələrinə də bəs edər. Qoy daha da çox olsun . İstəməyənin gözləri çıxsın, ancaq ləyaqəti olsun, kasıblara həqarətlə baxmasın, onları puluna güvənib söyməsin. Ən başlıcası isə Allahdan qorxsun. Dərdim böyükdür, müəllim. Təklik məni öldürür. Qorxuram ki, bu komada öləm, heç kəsin də məndən xəbəri olmasın. Əslinə baxsanız mən kimə lazımam ki... Həyatda mövqe qazana bilmədim. Bu böyük, qoca dünyada mən özümə yer tapa bilmədim, indi də tapa bilmirəm. Deyirlər Adıbəy əyyaşdır, piyaniskədir. Məclislərdə məni aşağılayırlar, aşağı başda əyləşdirirlər. Başsızlar, taxta başlar, buqələmunlar, savadsız zırramalar, kiçik narkobaronlar, Hacı olub, ancaq Hacılıq əməlləri etməyənlər yuxarı başa çəkilirlər. Camal müəllim, siz ki, mənim biliyimə bələdsiniz. Bir vaxt olub riyaziyyat sahəsində istedad sahibi olmuşam. Samit Ələsgərlini də yaxşı tanıyırsınız, onun nə yuvanın quşu olduğunu da məndən yaxşı bilirsiniz. Amma paradoksa baxın, müəllim, Samit Ələsgərli yağ-balın içində yaşayır, Adıbəy-ali təhsilli, fərqlənmə diplomu olan Adıbəy isə ən ucuz “Astra” siqaretini də ala bilmir. Həyatda da uğursuz adamam, Camal müəllim. Məni heç kim başa düşmür, heç kim...-Adıbəy hönkür-hönkür ağladı, içini çəkdikcə ağladı...yana-yana ağladı...göynətdi, kövrəltdi Camal müəllimi də...

Camal müəllim-bu el ağsaqqalı keçmiş şagirdinin-həmişə fəxrlə adını çəkdiyi bu zavallı insanın çiyinlərinə əlini qoydu, dolmuş gözlərini Adıbəydən gizlətməyə çalışdı.

- Sizi kövrəltdim, müəllim, siz allah, bağışlayın məni. Bu, mənim taleyimdir. Hər şeydə günahkar özüməm. Heç kimi günahlandırmıram...

Hər şey aydın idi. Camal müəllim ancaq bu sözləri dedi:

- Biz də günahkarıq, Adıbəy. Səni unutmuşuq. Ancaq sən öz adını doğruldacaqsan. Mən sənə söz verirəm.

Camal müəllim daha başqa söz demədi. Çünki dediyini demişdi Adıbəyə. Bu, gələcəyə - ümid körpüsünə tərkidünyalıqdan çıxmağa qədər heyi-hərəkəti qalmayan bir insana açılan işıqlı yolun ən təzə cığırını açmağa bir çağırış idi, bir mesaj idi. Əlbəttə , Adıbəy müəlliminin çağırışını başa düşdü.

Ayağa qalxdılar. Bayırda gözəl hava vardı. Quşlar hələ də civildəşirdi. Günəş dağların arxasında gizlənməyə tələsirdi...

***

Camal müəllim də tələsirdi. O, parkda Adıbəydən ayrılandan sonra seçki məntəqəsinə tələsirdi. Sanki iki ayaq da borc alıb gedirdi; sürətlə gedirdi; ona tapşırılan vəzifəni yerinə yetirdiyi üçün belə sürətlə gedirdi. Bir də ona görə sürətlə gedirdi ki, Adıbəyə söz vermişdi, axı onu qonaq edəcəkdi...

Lənkəran, Liman şəhəri

12. 08. 2005-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə