Fransanın neft və qaz şirkəti olan “TotalEnergies SE” “neft erası”nın başa çatdığını bəyan edib

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında müvafiq analitik yazı yayınlanıb. Firma analitiklərinin rəyinə əsasən, neft və qaz kimi təbii yanacağa qlobal tələbat iqlim böhranı ilə mübarizə fonunda təxmin ediləndən daha tez bitəcək. Burada bir çox ölkələrin ekologiya üçün zərərli sayılan enerji qaynaqlarından imtinasının böyük rolu olacaq.

“TotalEnergies SE”in ən təzə proqnozlarında 2050-ci ilə qədər zəhərli qazların havaya atılmasının qarşısının alınması ilə bağlı dövlətlərin üzərlərinə götürdüyü rəylər də nəzərə alınıb. Ekspertlərin fikrincə, planet üçün ziyanlı yanacağa olan tələbat 2030-cu ildə özünü maksimum həddinə çatacaq və daha sonra tədricən proses aşağıya doğru enəcək. İri qlobal şirkətlərin bundan sonra külək və günəş enerjisinə daha çox investisiya cəlb edəcəyi əminliklə verilən proqnozlar arasındadır.

Qeyd etmək lazımdır ki, bu ilin iyul ayında İsveçin “Svenska Dagbladet” jurnalı da neftlə bağlı “ölüm hökmü”nün tezliklə gerçəkləşəcəyini bildirib. Mütəxəssilərin gəldiyi qənaətə görə, ABŞ, Avropa və Çinin iqlim neytrallığı sahəsindəki səyləri nəticəsində təbii yanacağın istehlakı 2050-ci ildə iki dəfə aşağı düşəcək. Ölkənin “Nordea” bankının ekoloji maliyyə departamentinin rəhbəri Tina Saltvett neftə olan tələbatın 2025-2030-cu illərdə özünün ən zirvə həddinə çatacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə